Bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi keçən əsrin sonlarında ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.
12 may 1994-cü il tarixində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinə baxmayaraq, erməni tərəfinin atəşkəsi pozma halları hələ də davam edir, onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər.
2016-cı ilin aprelin 2-də Ermənistan hərbi təxribata əl ataraq, qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub.
Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. Ermənistan hərbi hissələri ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yetirilmiş, bir nəfər isə ağır yaralanmışdır.
Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”.
Artıq dünya dövlətləri 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda, Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər.
Bu ilin 12 iyulunda Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən yenidən təxribat törədilmiş,. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınmışdır. Növbəti dəfə Azərbaycan Ordusu öz gücünü nümayiş etdirmişdir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatdan sonra iyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərib. Vətəndaşlarımız tərəfindən könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər olunub. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55000-dən çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib və müraciətlər davam edir. Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) üzvləri Prezidentin çağırışına dəstək verib. Assosiasiya sıralarında birləşən yüzlərlə sahibkar xanım orduda xidmət göstərməyə hazır olduqların bildiriblər. Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”.
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”.
Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən, “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlədib.
Xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyir. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belorusda yaşayan Azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalını lənətləyiblər.
Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq,” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib.
Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, hərbi qulluqçuların Vətən sevgisi, döyüş ruhu və yüksək nizam-intizamı onu deməyə imkan verir ki, Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.