Şriftin ölçüsü :

Saytın rəngi :

İnsanların sağlamlığının qorunması üçün bütün lazımi işlər görülür və bundan sonra da görüləcəkdir

10 avqust 2020 | 16:00

2020-ci il avqust ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videoformatda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətə dair keçirdiyi müşavirədə bir çox məqamlara toxunulub.

Ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və qorunması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycanda təxminən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub, eyni zamanda dövlət sektorunda çalışan 9 yüz min insanın böyük əksəriyyəti faktiki olaraq işləmədiyi halda, məvaciblər ödənilir. 760 min insana lazımı maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Əks təqdirdə 760 min insanın işsizlik təhlükəsi olduğunu bildirən cənab Prezident nəzərə çatdırıb ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının sağlamlığını əsas götürərək, onların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması, eyni zamanda qorunması və eləcə də insanların ilk növbədə sağlam qalması və xəstələnməməsi üçün zəruri bütün tədbirlər görüb. Dövlət başçımız qeyd edib ki, həmin insanların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Sahibkarlar və işə götürənlər hazırda gəlir götürmür, belə olan halda 100 minlərlə vətəndaş işsiz qala bilərdi. Yenə də dövlətimizin həyata keçirdiyi operativ tədbirlər nəticəsində dərhal bu məsələlərə müdaxilə edilib və bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Cənab Prezident 600 min insana avqust ayında da 190 manat yardımın ödənilməsi barədə göstəriş verib. Azərbaycanın 13 rayon və şəhərində sərt karantin rejimi tətbiq edildiyini bildirən cənab Prezident, həmin rayonların da bu kateqoriyaya aid insanların bu dəstəklə bundan sonra da əhatə olunması barədə müvafiq göstərişlər verib.

Ölkəmizdə pandemiyanın ilk vaxtlarından etibarən koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir. Müşavirədə  "Belə ki, son həftələr ərzində həyata keçirilən sərt karantin tədbirləri nəticəsində artıq virusa yoluxanların sayı azalmaqdadır. Əgər xəstəliyin azalma tempi davam edərsə və insanlarımız xəstəliklə mübarizədə bütün qoruyucu vasitələrdən istifadə edərsə, təbii ki, bu hal pandemiyanın ölkəmizdə sıfıra enməsinə gətirib çıxara bilər. Bu çox sevindirici haldır və bununla əlaqədar ölkə Prezidentinin atdığı addımlar, verdiyi tapşırıqlar icra olunur. Ona görə də, düşünürəm ki, avqust ayında karantin rejimində yumşalmalar müşahidə edəcəyik. Biz həm əhalinin sosial-iqtisadi vəziyyətinin qorunması, həm pandemiyanın aradan qaldırılması və həm də insanlarımızın sağlamlığının qorunması istiqamətində görülən tədbirlərin bəhrəsini görürük" fikirlərini səsləndirən cənab Prezident aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlarını verib.

Koronavirusla mübarizə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin intensivliyi daha da  artırılmış və gücləndirilmişdir. İnsanların sağlamlığının qorunması üçün bütün lazımi işlər görülür və bundan sonra da görüləcəkdir. Çünki Azərbaycan dövləti üçün ən prioritet məsələ hər bir vətəndaşın sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunmasıdır. Cənab Prezidentimizin rəhbərliyi və birbaşa nəzarəti sayəsində pandemiyaya qarşı aparılan mübarizə tədbirləri məhz insanların sağlamlığına, onların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Son günlərdə əldə olunmuş müsbət dinamika  məqsədyönlü siyasətin təzahürüdür.

Gülər Paşayeva

17 saylı Uşaq poliklinikasının baş həkimi

Keçidlər