Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın açıq və gizli silahlanması regional təhlükəsizliyi ciddi təhdid altında qoyur

14 avqust 2020 | 16:00

Ermənistan müstəqilliyini elan etdikdən bu günə qədər qonşu dövlətlərə münasibətdə militarist siyasət həyata keçirir. Regionda olan ölkələrə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan son on illərdə silahlanma siyasətini davam etdirir və bununla da bölgədə təhlükəsizliyi ciddi təhdid altında saxlayır.

Hazırda iqtisadi imkanları məhdud olmasına baxmayaraq, Ermənistan silahlanmasını Rusiya tərəfindən silahların bağışlanması, KTMT üzvü olan ölkələrdən və digər müttəfiq ölkələrdən satınalmalar və erməni diaporunun dəstəyi ilə silah qaçaqmalçılığı hesabına həyata keçirir.

Keçmişə nəzər salsaq görərik ki, 1995-1996-cı illərdə Rusiya tərəfindən Ermənistana 1 milyard dollar dəyərində silah tədarükü reallaşıb. 2006-2007-ci illərdə Rüsiyanın Gürcüstandakı hərbi bazalarından daşınan silahların bir çox qismi Ermənistana təmənnasız şəkildə verilib. 2015-2017-ci illər dövründə isə Rusiya Ermənistana silah almaq və silahlı qüvvələrini təkmilləşdirmək üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb. Təəssuflər olsun ki, hazırda da Ermənistanın silahlanması hələ də davam etdirilir.

2020-ci ilin iyul ayının 17-dən avqust ayının 4-nədək Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınması həyata keçirilib. Bu silah tədarükü iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra baş verib.

Mövcud məsələnin aktuallığını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü, həmçinin Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Eyni zamanda, Ermənistana Serbiyadan da çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərildiyi faktı da qeydə alınıb. Bu silah göndərişi də 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan öncə olması və bu təxribatın Ermənistan rəhbərliyi tərəfindən əvvəlcədən hazırlandığını göstərir.

Əlbəttə ki, Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Çünki Azərbaycan bu günədək Kosovonun müstəqilliyini tanımayıb və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Bundan əlavə, bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib.

Bu faktla əlaqədar olaraq, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılaraq, Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib.

Həmçinin yaranmış vəziyyətlə bağlı Serbiya Prezidenti Aleksandr Vuçiç avqustun 7-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib.

 Qeyd edilənlərlə yanaşı Ermənistan silah alqı-satqısını gizli yollarla müttəfiq ölkələrin şirkətləri üzərindən də həyata keçirir. Bu işdə xaricdəki erməni diasporunun maliyyə dəstəyindən geniş istifadə olunur. Aparılan araşdırmalar zamanı da müəyyən olunur ki, həmin şirkətlər müttəfiq ölkələrdə yerləşsə də Ermənistan rəhbərliyində vəzifə tutan şəxslərin ailə bizneslərinə daxil olan törəmə müəssisələridir.

Keçidlər