Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır
Bütün sahələrdə olduğu kimi Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də məqsədəmüvafiq işlər həyata keçirilməkdədir. Bu hərbi əməkdaşlığın böyük tarixi vardır. Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müstəqilliyimizin ilk illərində tarixi zərurətə çevrilmişdi. Azərbaycanın hərbi təhlükəsizliyinə böyük təhdid yaranmış həmin mövcud vəziyyətdə hərbi-siyasi müttəfiqlərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edirdi. 1994-2010-cu illərdə Azərbaycanda hərbi təhlükəsizlik siyasətinin formalaşdırılması, milli ordu quruculuğunun həyata keçirilməsi, regionda və dünyada Ermənistanın hərbi təcavüzünü pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən siyasi və hərbi müttəfiqlərin axtarılması və təxirəsalınmaz tədbirlərin görülməsi milli fəaliyyətin ən vacib məsələləri sırasına çıxarılmışdır. Belə bir vəziyyətdə Azərbaycan üçün Türkiyə kimi hərbi-siyasi müttəfiqin olması çox əhəmiyyətli idi. 2001-ci ilin mart ayında Türkiyə Böyük Millət Məclisində çıxış edən ümummilli liderimiz Heydər Əliyev bununla bağlı demişdir: “Türkiyə bizim üçün həm dostdur, həm qardaşdır, həm dayaq nöqtəsidir, həm də arxadır. Bilirsiniz ki, bizim Qafqaz bölgəsində vəziyyət çox yaxşı deyildir. Çünki biz, Azərbaycan, qonşu Ermənistanla savaşdayıq. Digər qonşularımızla münasibətlərimizdə çox problemlər var. Ona görə dünyada bizim bir nömrəli müttəfiqimiz, bir nömrəli dostumuz Türkiyədir. Bizim Türkiyənin köməyinə ehtiyacımız var. Yəni iqtisadi nöqteyi-nəzərdən bizim problemimiz yoxdur... Ancaq siyasi nöqteyi-nəzərdən, strateji nöqteyi-nəzərdən və Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması baxımından Türkiyənin yardımına çox ehtiyacımız var”.
Əsası 1992-ci ilin avqust ayında Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Turkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Muqavilə”nin imzalanması ilə qoyulan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı 2010-cu ilin avqustunda “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin və həmin ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yeni impuls almış və qarşıdakı illərdə daha yeni sahələri əhatə edərək genişləndirilmişdi. Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələlərini araşdıran tədqiqatçı Ahmet Yücenin də qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında 2010-cu il qarşılıqlı iş birliyi baxımından bir “zirvə ili” olmuşdur.
2019-cu ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin və sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi paradlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi, iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Bakı səmasında uçuş nümayiş etdirməsi, türk və Azərbaycan əsgərlərinin birgə yürüşü bir daha iki ölkə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirmişdi. Sentyabrın 15-də Azadlıq meydanında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq demişdir: “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edir. Qeyd etmək yerinə düşər ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalanmışdı. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğulamış və Türkiyədən yeni hərbi texnika alınacağını bildirmişdi. Hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarmışdı.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq 2020-ci il iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilmişdi, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilmişdi.
İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar öz əksini tapıb. Xüsusilə də iki ölkənin prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir;
Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.
İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir, həmçinin hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı da prioritet sahələrdən biridir.
Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.