“Əsrin müqaviləsi” Azərbaycanda yeni neft erasının başlanğıcı oldu
Qədimlərdən Azərbaycan dünyada neftin vətəni sayılır. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. Bakı və Abşeron yarımadası öz neft yataqları ilə məşhur olub, lakin dünyada ilk dəfə XIX əsrin ortalarında mütərəqqi üsullarla quyular qazmaq və neft hasilatını artırmaq üçün yollar axtarılırdı.
1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Voronotsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 1899-1901-ci illərdə 11,5 milyon neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. Müqayisə etsək görərik ki, 1859-cu ildə sənaye üsulu ilə neft quyusunun qazılmasına başlanılmış ABŞ-da isə bu göstərici o zaman 9,1 milyon təşkil edirdi.
Hələ Böyük Vətən müharibəsi illərində yanacağın 70 faizindən çoxunu, xüsusilə təyyarə benzinin 80 faizi Bakı neftinin hesabına ödənilirdi. Müharibədən sonrakı illərdə də neftimiz SSR-nin planlarını ödəyirdi, Azərbaycan neftindən qazanılan milyonlarla manat vəsait imperiyanın xərclərinə sərf olunurdu.
Çox şükürlər olsun ki, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra öz sərvətlərinin hakiminə çevrildi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə neft sənayesinin inkişaf konsepsiyası hazırlandı. Məhz Ulu öndərin rəhbərliyi ilə dünyanın 8 ölkəsinin və 11 ən məşhur neft şirkətinin iştirakı ilə 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “hasilatın pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bununla da Azərbaycanda yeni neft erasının əsası qoyuldu. Bu bölgüdə Azərbaycan Dövlət Neft Şirkətinin 20 faiz payı var idi.
Azərbaycanın neft sənayesinin inkişafındakı uğurları bununla kifayətlənmirdi. 2002-ci il sentyabrın 18-də Bakıda Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur. Bununla da Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanılmış, 2003-cü ilin fevral ayında Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verilmişdir. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirilmişdir. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə ¬verilmişdir.
Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanmış, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olmuşdur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırılmış, həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirilmişdir. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başlamışdır. 2006-cı il mayın 28-də isə Azərbaycan nefti Ceyhan limanına çatmışdır. İyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salınmışdır. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına BTC əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.
Bunun ardınca ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən, ən böyük iqtisadi potensiala malik olan Bakı-Tblisi-Qars dəmir yolunun əsası qoyuldu. Bakı-Tbilisi-Qars (BTQ) 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir.
Bu dəmiryolu vasitəsilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün ərzində həyata keçiriləcəkdir. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişaf etdirilməsi siyasətinə sadiq qalaraq, bu kursu müxtəlif sferalarda inkişaf etdirmək missiyasını layiqincə yerinə yetirir. Belə ki, dövlət başçısı dünyanın və Avropanın ən böyük enerji layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallığa çevrilməsinə nail olmuşdur.
2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz-satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzaladı. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı baş tutdu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycanda bu ilin sonlarında təbii qazın Avropaya çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd.ABŞ dollarıdır.
Bəli, bu gün ölkəmiz bütün sferalarda inkişaf yoluna qədəm qoyub, nailiyyətlər karvanına qoşulub. Prezident İlham Əliyevin təbirincə desək ” Bu gün Azərbaycan nefti, təbii resursları tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. Neft məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”.
Mürvət İbrahimov
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi