Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbçilərimizin şücaəti sayəsində üçrəngli bayrağımız tezliklə Şuşada dalğalanacaqdır!

30 sentyabr 2020 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevirilməlidir!”

Bu gün tam əminliklə deyə bilərik ki, Xalqın, Vətənin taleyi hər bir azərbaycanlının taleyinə çevrilmişdir. Xalqımızın qəhrəman oğullarının qorxmadan, çəkinmədən düşmən üzərinə yeriməsi, onların Vətənə olan müqəddəs borcunun bariz nümunəsidir. Uzun illərdən bəri körüklənmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli nəhayət ki, müzəffər ordumuz tərəfindən zəfər bayramını yaxınlaşdırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Fərmanı ilə ölkəmizdə Hərbi vəziyyət elan olunmuşdur. Bunun ardınca qismən səfərbərliyin elan olunması düşmənə göz dağı verdi.

30 illdən bəri həllini tapmayan bu münaqişə nəhayət ki, Ali Baş Komandanın siyasi iradəsi hesabına ərazi bütövlüyümüzün bərpası istiqamətində atılmış ən düzgün addımdır. Bu gün Azərbaycanın “dostları” müxtəlif bəyanatlar verərək atəşkəs rejiminə qayıtması barədə Azərbaycan Prezidentinə zənglər edirlər, münaqişənin sülh yolu ilə tənzimlənməsinin başqa alternativi olmadığını bəyan edirlər. Sual olunur: budur sizin ədalətli mövqeyiniz? BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər Beynəlxalq Təşkilatların qəbul etdikləri qətnamələr Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Ancaq nə fayda, bu qətnamələri  heç bir vəchlə Ermənistan tərəfi icra etmir. Bu gün hələ də Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar tətbiq edilməkdədir. İşğalçı tərəfin Ermənistan olduğunu unudan bəzi qərb dövlətləri Azərbaycana təzyiqlər göstərirlər, münaqişənin yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll variantının başqa alternativi olmadığını bəyan edirlər. Bəs özlərini “ədalət carçısı” hesab edən bu dövlətlər deyəsən unudublar ki, İraqda Səddam Hüseyn rejiminə, Liviyada Qəddafi hakimiyyətinə qarşı qəbul edilən qətnamələr necə olur ki, dərhal yerinə yetirilir, amma Azərbaycana gəldikdə beynəlxalq hüquq yada düşür. Bu münasibət, qeyd edildiyi kimi, ikili standartların tətbiqidir. Bu dövlətlər unudublar ki, 20 faiz ərazisi işğala məruz qalan, bir milyondan çox məcburi köçkünü olan, bütün maddi-mədəniyyət abidələri vandalizmə məruz qalan tərəf Azərbaycandır. Deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Münaqişənin aparıcı tərəfi Ermənistandır. Baş nazir Nikol Paşinyan səviyyəsində elan olunur ki, Dağlıq Qarabağ Ermənistandır. Buna tutarlı cavab Azərbaycan Prezidenti tərəfindən Valday konfransında verilmişdir. Dağlıq Qarabağ Azərbaycandır! İndi sual olunur ki, kiminlə sülh danışıqları aparaq? 30 ilə yaxındır ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsizdir və qarşı tərəfə vaxt qazandırmaqdan başqa bir şeyə xidmət etmir.

Bu ilin sentyabr ayının 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda  çıxış edən Prezident İlham Əliyev bildirmişdir: ”Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.

Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.”

Budur, dünyaya nümayiş etdirilən ədalətli mövqe. Əgər Ermənistan bu  işğalçılıq siyasətindən əl çəkməsə, rəşadətli ordumuz cəbhədə öz sözünü deyəcəkdir.

Bu gün cənab Prezident tərəfindən qəbul edilmiş qərar hər bir azərbaycanlının ürəyincədir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin ən ali təcəssümüdür.

Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlükdə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.

O gün uzaqda deyil, xalqımız qəhrəman oğullarına arxalanaraq, cənab Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad edərək şanlı üçrəngli bayrağımızı Qarabağda dalğalandıracaqdır!

Mürvət İbrahimov
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi

Keçidlər