Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir və sarsılmazdır!

02 oktyabr 2020 | 16:00

Fikirlərimi Türk dünyasının iki böyük oğlu, dahi şəxsiyyətlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün müdrik kəlamları ilə başlamaq istəyirəm: Ulu öndər Heydər Əliyev demişdir: ”Biz bir millət, iki dövlətik”, Mustafa Kamal Atatürk söyləmişdir: ”Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”.

Türk milləti tarixən əsrlərin süzgəcindən keçərək, bütövləşmiş, qəhrəmanlaşmış və bir xalq olaraq formalaşaraq tarix yazan bir millətə çevrilmişdir. Tariximizə baxdıqda neçə qəhrəman oğullar yetişdirən bu millətə baxıb öyünmək belə azdır. Atilladan tutmuş, Mete xana, Bilgə xaqana, dünyanı lərzəyə salan Çingiz xana, Əmir Teymura, Sultan Mehmet Fatehə, Şah İsmayıl Xətaiyə, Nadir şaha, Mustafa Kamal Atatürkə, Məhəmməd Əmin Rəsulzadəyə, Heydər Əliyevə, İlham Əliyevə, Rəcəb Tayyib Ərdoğana qədər sadalamaqla bitməyən bu türk sərkərdələri ilə fəxr etmək, qürur duymaq şərəflidir. Bu iki dövlətin varlığını həzm edə bilməyən bəzi qüvvələr narahatlıqlarını müxtəlif formalarda birüzə verərək, həmişə öz məkrli əməllərindən çəkinməmişlər. Ölkələrimiz arasında soyuqluq yaratmağa çalışsalar da əməlləri ifşa  olunmuş, planları iflasa uğramışdır.

Hələ Ulu öndər Heydər Əliyevin zamanında həmişə xalqımıza dəstək olan bu qardaş ölkə qədirbilən xalqımız tərəfindən həmişə etiramla anılır. Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirmiş, onu “iyirminci əsrin bəşəriyyətə verdiyi böyük düha”lardan saymışdır. Türkiyə haqqında müxtəlif vaxtlarda deyilmiş aşağıdakı sözlərin hamısı Heydər Əliyevə məxsusdur: “Türkiyə hazırda dünyanın siyasi durumunda nüfuzlu təsir qüvvəsinə malik, ümumbəşəri dəyərləri qorumaq əzmində olan, iqtisadi və mədəni səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilmişdir”, “Azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var”, “Türkiyə Azərbaycan üçün qardaş, dost ölkədir”, “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim və zəngin tarixi var”, “İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır”, “Mən bu gün bir daha Türkiyə torpağına ayaq basmağıma, Türkiyə torpağında olmağıma görə özümü çox xoşbəxt hesab edirəm”, “Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir”,  “Hələ gənc yaşlarımda kitablardan Türkiyə haqqında, türk xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin işi barədə, onun qəbul etdiyi qərarlar barədə məlumatları həvəslə, diqqətlə oxuyurdum”, “Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir”, “Türkiyə ilə Azərbaycan arasında indiyədək yaranmış əlaqələr yeni mərhələyə keçir. Xalqlarımız bir kökdəndir. Hətta son dövrdə ayrı düşməyimiz də bu birliyimizi əlimizdən almamışdır. İndi biz bu birliyi davam etdirmək üçün bütün imkanlara malikik. Biz bir millət, iki dövlətik. Burada, bu salonda kimin türkiyəli, kimin azərbaycanlı olduğunu ayırmaq mümkün deyildir. Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür” kimi müdrik kəlamlar Ulu öndərin Türk xalqına və dövlətinə verdiyi qiymətdir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində enerji resurslarımızın məhz Türkiyə vasitəsilə Avropaya və dünyaya daşınması türk xalqına verilən növbəti dəstəyin və inamın bariz nümunəsidir.

Ulu öndər siyasətinə sadiq olan cənab Prezident İlham Əliyev bu fəaliyyətə töhfələr verərək münasibətlərimizi daha üst səviyyəyə qaldırmışdır. ”Bakı-Tblisi-Ceyhan”, “Bakı-Tblisi-Ərzurum”, ”Bakı-Tblisi-Qars”, TANAP və TAP kimi nəhəng qaz layihələrinin, ümumillikdə bütün enerji və iqtisadi seqmentin məhz qardaş ölkədən keçməsində məhz Prezident İlham Əliyevin xidmətləri danılmazdır, onun Türkiyə Cümhuriyyətinə verdiyi töhvədir.

Biz bu gün eyni münasibəti qardaş ölkədən görürük və bunun davamlı olmasını arzulayırıq.

Bu ilin sentyabrın 27-də erməni faşistlərinin torpaqlarımıza növbəti təcavüzü zamanı qardaş ölkənin Prezidenti, Parlament sədri, Xarici İşlər naziri, Milli Müdafiə naziri, Partiya sədrləri və bir sözlə, bütün Türkiyə camiəsinin Azərbaycan xalqının yanında olduqlarının bir daha şahidi olduq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sentyabrın 29-da  Rusiyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində Türkiyənin rolu barədə demişdir: ”Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyə mənəvi dəstək göstərir və Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına Azərbaycan ilə həmrəy olduğuna və dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.

Cənab Prezidentin dediyi kimi: “Türkiyə qardaş ölkə və müttəfiqdir” ifadəsi özündə böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycan xalqının türk xalqı ilə həmrəy olduğunu bir daha nümayiş etdirir, bu qardaşlığın əbədi olması üçün bütün mümkün vasitələrdən istifadə olunacağına dəlalət edir.


Mürvət İbrahimov
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi

Keçidlər