Ölkə başçısının dediyi kimi: “Döyüş, Ermənistan Qarabağdan çıxanda bitəcək”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına dünyada çox böyük maraqla qarşılanan müsahibə vermişdir. Möhtəşəm çıxışı zamanı cənab Prezident ermənilərin sentyabrın 27-də ölkəmizə növbəti hücumundan danışmış və bu zaman mülki əhalinin, o cümlədən 2 məktəblinin həlak olmasına diqqəti yönəltmişdir. Müsahibəsi zamanı ölkə Prezidenti ordumuzun düşmənə layiqli cavab verdiyini və bir sıra yaşayış məntəqələrinin azad edildiyini vurğulamışdır.
Jurnalistlərin suallarına dəqiq və səlis cavab verən cənab İlham Əliyev Türkiyənin regionda oynadığı sabitləşdirici rolunu yüksək qiymətləndirmiş və qardaş ölkə kimi daim bizi dəstəklədiklərini qeyd etmişdir. Bununla bərabər münaqişədə Türkiyənin heç bir rolu olmadığını diqqətə çatdırmışdır. Azərbaycanın öz ordusunun kifayət qədər güclü olduğunu və torpaqlarımızı azad etmək üçün yetəri qədər say tərkibinə malik olduğunu vurğulamışdır. Azərbaycanın Ermənistanın torpağında maraqlı olmadığını, habelə F16 qırıcı təyyarələrindən bizim istifadəmizin absurd olduğunu jurnalistlərin diqqətinə çatdırmışdır.
Prezident öz növbəsində bildirmişdir ki, Ermənistan rəhbərliyi utanmadan Livandan olan erməniləri işğal olunmuş torpaqlarımıza yerləşdirməklə beynəlxalq hüquq normalarını pozmuşdur.
Ermənistan hazırda daxili siyasi böhran içindədir. Belə ki, Paşınyanın yerinə yetirə bilmədiyi vədlər verməsi, despotik rejimi - ölkəsinin müxalif qüvvələrini məhv etməsi və indi də Azərbaycana qarşı yenidən təcavüzü onun diktator rejimini üzə çıxarır.
Cənab Prezident artıq uzun illərdən bəri münaqişənin həlli üçün bütün dinc vasitələrdən istifadə edildiyini, habelə Minsk qrupu və onun həmsədrlərinin prosesi nizama salacaqlarına dair verdikləri vədlərə səbrlə yanaşıldığını diqqətə çatdırmışdır. Lakin erməni tərəfi beynəlxalq hüquq normalarının gözlənilməsinə qətiyyən əhəmiyyət verməmişdir.
Ölkə Prezidentinin ”Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun bizim torpaqlarımızdan”, - ifadəsi xalq üçün aforizmə çevrilmişdir. Xalqımız əmindir ki, belə bir Ali Baş Komandanı olan ölkə düşmən tapdağı altinda qala bilməz.
Cənab Prezident çıxışını qətiyyətli ruhda bitirmişdir: “Döyüş, Ermənistan Qarabağdan çıxanda bitəcək”.