Şriftin ölçüsü :

Saytın rəngi :

İki xalqın dostluq və qardaşlığı

02 oktyabr 2020 | 16:00

Pakistan və Azərbaycan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən biri olub. Ölkələr arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulmuş, 1993-cü ildə isə Bakıda Pakistan səfirliyi açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ildə başlamışdır. Hazırda Pakistan və Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.

Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib.

Görüşdə cənab Prezident ölkələr arasında strateji və qardaş münasibətlərinin bir daha təsdiqləndiyini, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdar olduğunu bildirmişdir.

Cənab Prezident Pakistanın Azərbaycana göstərdiyi dəstəyi hər zaman hiss etdiyni, bu mühüm məqamda Azərbaycanın yanında kimin durmasının aydın göründüyünü vurğulamış və bu gün yanımızda olan dost və qardaş ölkələr – Türkiyə və Pakistanın öz mövqelərini açıq şəkildə ifadə etdiklərini bildirmişdir.

 

Qızqayıt Məmmədova
32 nömrəli tam orta məktəbin müəllimi

Keçidlər