Xalq-Ordu həmrəyliyi
XX yüzilliyin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində erməni işğalçıları Azərbaycan torpaqlarına təcavüz etməyə başladılar. Lakin o zaman yenicə yaranmış Azərbaycan dövlətinin siyasi rəhbərliyindəki bacarıqsızlıq, silahlı qüvvələrimizin tam təşkil olunmaması və vahid komandanlığın yoxluğu səbəbindən torpaqlarımızın 20%-i düşmən tərəfindən işğal olundu. O zamandan keçən 30 ilə yaxın dövr ərzində dövlətimiz və millətimiz bu torpaqların azad olunması uğrunda mübarizəsini bir an da olsun dayandırmadı. Biz bu zaman kəsiyində məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq təşkilatlara güvəndik. Atəşkəsə sadiq qaldıq. BMT-nin qəbul etdiyi 4 qətnaməyə əməl ediləcəyi günü gözlədik. ATƏT-in Minsk qrupunun fəaliyyətinə ümid bəslədik. Lakin zaman göstərdi ki, bütün bunların heç bir səmərəsi yoxdur. Cənab Prezidentin qeyd etdiyi kimi, bu danışıqlar sadəcə olaraq birmənalı şəkildə düşmənə vaxt qazandırmaq xarakteri daşıdı. Amma bizim də səbrimizin bir sonu vardır və o son çatdı. Sentyabr ayının 27-dən düşmən təxribatlarına cavab olaraq başlayan şanlı ordumuzun əks-hücum əməliyyatı artıq neçə gündür davam edir. Artıq bizim tam peşəkar ordumuz var. Bu ordu düşmənlərimizin 90-cı illərin əvvəllərində gördüyü dağınıq dəstələrdən ibarət bir ordu deyil. Bizim ordumuzun elə ilk zərbələrindən düşmən və onun havadarları çaş-baş qaldı. Düşmən ordusu ağır itkilər verərək geri çəkilməyə başladı. Təcili olaraq hərbi əməliyyatları dayandırmağa çalışdılar. Ermənistana havadarlıq edən dövlətlərin başçıları cənab Prezidentə zəng edərək hərbi əməliyyatların dayandırılmasını istədilər. Amma öz gücünü xalqından alan dövlət başçımız bunların heç birinə məhəl qoymadı. Lakin bizim haqlı mövqeyimizi müdafiə edən, daim bizim yanımızda olan dövlətlər də var. Onların da başında dost və qardaş Türkiyə dayanır. Bu yenicə başlamış Vətən müharibəsi bizə bir daha dostumuzun və düşmənimizin kim olduğunu göstərdi. Bu Vətən müharibəsinin öncəki müharibədən fərqi odur ki, biz peşəkar bir ordu ilə çox savadlı bir müharibə aparırıq. Düşmənin arxasında kim dayanırsa-dayansın, bu bizim qəhrəman ordumuzu qətiyyən qorxutmur. Çünki bizim işimiz haqq işidir. Xalq ordu ilə həmrəydir və bütün gücü ilə ordunun yanındadır. Bunu son günlər könüllü olaraq döyüşmək üçün orduya yazılan insanların sayının kifayət qədər çox olması göstərir. Biz müharibə aparırıq. Müharibədə təbii ki bizim yaralılarımız da, şəhidlərimiz də olacaq. Bizim düşməndən fərqimiz odur ki, şəhid olan hər əsgərimizin əvəzinə minlərlə insan hazır dayanıb. Biz bir ölər, min dirilərik. Torpaqlarımızın işğaldan azad olunması üçün hər bir şeyə hazırıq. Biz bunu cənab Prezidentin və birinci xanımın yaralı hərbçilərlə görüşündə bir daha müşahidə etdik. Yaralı hərbçilərimiz çox tezliklə sağalıb yenidən döyüş bölgəsinə yollanmaq və öz hərbçi yoldaşları ilə birlikdə olmaq istəyirlər. Deməli, bizim ordumuzda böyük ruh yüksəkliyi mövcuddur. Bu ruh nəinki orduda, vətəndaşlar içərisində də mövcuddur. Bu gün ön cəbhədə döyüşən igidlərimiz gənclər üçün bir nümunədir. Hər bir gənc tez bir zamanda ön cəbhəyə atılmaq istəyir. Bu gün analar da çox mətindirlər. Hər kəsin dilində bir söz səslənir: “Vətən sağ olsun”. Yaralanan hərbçilər ilə görüş zamanı birinci xanım Mehriban Əliyevanın kövrəlməsi, buna baxmayaraq dik dayanması və qürurlu görünüşü bütün Azərbaycan analarının bir nümunəsidir.
Biz qələbəyə əminik. Biz Prezidentimizə inanırıq və sonuna qədər də onun arxasındayıq. Mən də şəxsən öz adımdan, Azərbaycan cəmiyyətinin bir fərdi olaraq könüllülər siyahısına yazılmışam. Ehtiyac olarsa hər an silahlı qüvvələrimizin əmrindəyəm. Mənim oğlum da silahlı qüvvələrimizin zabitidir. Bu haqlı davamızda Allah bizlərə yar və yardımçı olsun. Allah bizlərə zəfər sevincini yaşatsın. Müzəffər ordumuz daim qələbələr qazansın.