Şriftin ölçüsü :

Saytın rəngi :

Xilaskər Azərbaycan əsgərinin əzmi

03 oktyabr 2020 | 16:00

30 ilə yaxın bir müddətdir ki, torpaqlarımızın işğal altında olması qəlbimizi param-parça edib. Vətənini sevən hər bir azərbaycanlı kimi  bu gün fəxarət hissi keçirir, qürurlanıram. Tələsmədən və gecikmədən, vaxtında verilmiş qərar bu sevinci hər kəs kimi mənə də yaşatdı.

Doğrudur, müharibə dəhşətdir, ölüm-itimdir. Uşaqların valideynsiz qalması, valideynlərin övlad acısı çəkməsidir. Amma bu müharibə o müharibələrdən deyil! Bu müharibə VƏTƏN müharibəsidir. Cənab Prezidentin ardıcıl apardığı siyasətin nəticəsidir ki, xalq və dövlət birlik nümayiş etdirir. Bu gün yaşından, cinsindən asılı olmayaraq hər kəs döyüşə hazır olan əsgərdir. Vətən uğrunda döyüşlərdə şəhid və yaralı əsgərlərimiz var. Amma yaxşı bilirik ki, həmin yaralıları sağaldan, qəlbində qələbə əzmi olan əsgərlərimizi yenidən  həyata qaytaran qəhrəman həkimlərimiz də var. Hər bir şəhid isə xalqın unudulmaz qəhrəmanıdır. Şəhidlərimiz qəlbimizdə əbədi olaraq yaşayacaq. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür, qayğı göstərilir.

30 sentyabrda ölkə başçısı İlham Əliyev və Mehriban xanım Əliyevanın yaralanan və müalicə olunan hərbçilərimizlə görüşündə əsgərlərimizin döyüş ruhunun, əzmkarlığının bir daha şahidi olduq. Elə bu ruh yüksəkliyi, əzmkarlıq, ədalətli mübarizə bizə qələbə qazandıracaq. Çünki Azərbaycan əsgəri xilaskar əsgərdir. Erməni işğalçıları isə torpaqlarımıza göz dikən, mülkü insanlara atəş açan, uşaq, ahıl, qadın demədən həyatlarına qəsd edən vəhşiləşmiş, azğınlaşmış faşistlərdir. Bizim əsgərlərimizlə onların arasında olan fərq də budur.

Bizim ordumuz təlim görmüş, əmrə müntəzir olan, lazım gələndə qayğıkeş, lazım gələndə humanist, lazım gələndə öz sözünü deyən  peşəkar ordudur.

Uzun illər aparılan sülh danışıqlarının səmərəsiz olduğunu gördük. Növbəti səmərəsiz danışıqların aparılmasının bu gün əhəmiyyəti belə yoxdur. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə öz sözünü düşmənə anlayacağı dildə deyir və deyəcəkdir.

Cəbhə bölgəsində yaşayan soydaşlarımız hamısı yerindədir. Bu gün övladlarını, atalarını, qardaşlarını, əzizlərini itirən hər kəs “VƏTƏN sağ olsun!”, - deyir. Üçrəngli bayrağımızın yüksəklərdə, işğal olunmuş torpaqlarımızda dalğalanmasını diləyir. Bu dilək şükürlər olsun həyata keçməkdədir.

Bugünkü hadisələr bizə dostlarımızı da düşmənlərimizi də tanıtdı. Biz nə yaxşılığı, nə də pisliyi unudan millət deyilik. Yanımızda olan dost dövlətlərə təşəkkür edirəm.

Allah ordumuzu, dostlarımızı, bizi sevənləri, haqqa susmayanları qorusun!

Eşq olsun Azərbaycana! Eşq olsun Dövlətimizə! Eşq olsun Dövlətçiliyimizə!

 

Nərgiz Abbas qızı Məmmədova
Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər