Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasının açılışında iştirak etmişlər.

17 aprel 2014 | 15:00

16 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasının açılışında iştirak etmişlər.
Yeni idman komplekslərinin inşası və mövcud olan idman obyektlərinin əsaslı şəkildə yenidən qurulması beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycanın ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlamış və müasir idman infrastrukturlarının yaradılması işinə böyük töhfə vermişdir.
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə beynəlxalq standartlara uyğun layihələrin icrası istiqamətində görülən işlərdən biri kimi Nizami rayonunda yerləşən Milli Gimnastika Arenasını göstərmək olar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına və xanımına  görülən işlərlə bağlı məlumat verdi. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırıldığını bildirdi.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış oldular və gimnastların məşq prosesinə baxdılar.
Dövlətimizin başçısı və xanımı gimnastlarla xatirə şəkli çəkdirdilər.

Keçidlər