Şriftin ölçüsü :

Saytın rəngi :

Makronun iç üzü

03 oktyabr 2020 | 16:00

Beynəlxalq təşkilatların 30 il davam edən səmərəsiz fəaliyyətindən cana doyan Azərbaycan dövləti sentyabr ayının 27-dən öz torpaqlarının azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Hərbi əməliyyatlar başlayan kimi xalqımız dövlətimizə və ordumuza dəstək nümayiş etdirməyə başladı. Prezidentimizin söylədiyi kimi, Azərbaycan tərəfi tarixi ədaləti bərpa etməyə başladı. Ordumuzun və xalqımızın bu həmrəyliyi döyüş cəbhələrində də özünü göstərməyə başladı. 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız azad edilməyə başlandı. Lakin görünən odur ki, ordumuzun döyüş cəbhələrində qazandığı bu uğurlar ermənilərlə yanaşı, onların havadarlarını da təşvişə saldı. Bunun əyani misallarından biri də Fransa prezidenti E.Makronun sentyabrın 30-da Riqada verdiyi bəyanatdır.

Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında illərdir nəticəsiz davam edən danışıqlarda Fransa da vasitəçi dövlətlərdən biridir. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Lakin Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq. Makronun “Ermənistana və erməniləri deyirəm, Fransa da öz rolunu oynayacaq”, - bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq. Bu bəyanat həm də ondan xəbər verir ki, Fransa nəinki ədalətli vasitəçi deyil, həm də münaqişənin detalları və tarixi haqqında xəbəri belə yoxdur. Bəyanatda həmçinin Fransa prezidenti bu haqq savaşında bizim yanımızda olan və hər bir zaman bizə dəstək verən qardaş Türkiyəni də ləkələməyə çalışmışdır. Belə olan şəraitdə bizdə də belə fikir yaranır ki, hadisələrə qərəzli yanaşan bir vasitəçi heç vaxt bu məsələni həll edə bilməz. Bizim Fransa kimi bir vasitəçiyə ehtiyacımız yoxdur. Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır.

Mənim fikrimcə, Fransa heç vaxt ədalətli ola bilməz. Çünki bu ölkənin tarixi ərzində onlarla ölkədə soyqırım törətdiyinin şahidi oluruq. Bu ölkələr içərisində birinci yerdə Əlcəzair gəlir. Fransızlar bu ölkədə 1,5 milyon insan qətlə yetirmişlər. Bu siyahıya Vyetnam, Çad, Qabon və Tunisi də əlavə etmək olar. Buraya Komerunu da əlavə etmək lazımdır. Komerundakı savaş da Fransanın bu ölkəyə qoyduğu mirasdır.

Makron başda olmaqla bütün bədxahlarımıza və düşmənlərimizə bildirmək istəyirəm ki, bu haqq yoldan bizi heç kim çəkindirə bilməz. Bu bir Vətən müharibəsidir. Biz öz tarixi torpaqlarımıza yenidən sahib olacağıq. Müharibəni son qələbəyədək davam etdirəcəyik. Bu haqq işində yanımızda olanları da, bizə qarşı çıxanları da heç vaxt unutmayacağıq. Ordumuz və millətimiz bir olduqdan sonra kimsə bizim qarşımızda dura bilməz. Zəfər bizimlədir. Qarabağ Azərbaycandır!

İlqar Tahir oğlu Əliyev
Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər