Güclü rəhbər - güclü iradə
Azərbaycan xalqı tarix boyu erməni xəyanətini dəfələrlə görüb. Onların qəddarlığının dəfələrlə şahidi və qurbanı olmuşuq. Təkcə Xocalı soyqırımını misal gətirmək kifayət edər. Biz bunu Ermənistanın timsalında Moskva anlaşmasının pozulmasında yenə ğördük. Moskva anlaşması imkan verirdi ki, bu məsələ artıq hərbi müstəvidən, siyasi müstəviyə, yəni diplomatik müstəviyə keçsin. Münaqişə cəbhədə deyil, danışıqlar masası arxasında həll olunsun. Lakin ermənilər hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edib vaxt qazana bilər, öz qüvvələrini səfərbər edib Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma hadisələrin sonrakı gedişatı göstərdi ki, onlar yanılıblar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev möhkəm səbr və güclü iradə göstərərək bu çirkin planları pozdu. Məhz bu güclü şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan hər iki cəbhədə erməniləri üstələməyi bacardı. Ordumuz cəbhədə düşmənin yeni hücumlarının qarşısını almaqla kifayətlənməyib, torpaqlarımızın azad edilməsi prosesini davam etdirdi. Düşmən qüvvələri böyük itkilər verərək geri çəkilməyə başladı. Onların itkiləri təkcə canlı qüvvə deyil. Son iki həftədə Ermənistan 200-dən çox tank itirdi. Onlarla hava hücumundan müdafiə sistemi məhv edildi. Cənab Prezidentin də qeyd etdiyi kimi, düşmən ölkə 1 milyard dollardan çox ziyana düşdü.
Eyni zamanda, Prezidentin rəhbərliyi ilə diplomatik müstəvidə də onları məğlub edə bildik. Bu işdə bizə qardaş ölkə olan Türkiyə və Pakistanın güclü dəstəyi oldu. Bu dövlətlər bizim haqq işimizi beynəlxalq tribunalarda dəstəklədilər. Məhz Türkiyə -Azərbaycan birliyi bölgəyə sabitlik və sülh gətirir. Panikaya düşmüş Paşinyan isə özünü itirərək yenə də dünyaya yalvarmağa başlayıb.
Beləliklə, biz burada hər iki dövlətin, həm də iki rəhbərin mübarizəsini görürük. Təbii ki, bu mübarizədə güclü olan bizim rəhbərimizdir. Güclü iradəyə sahib olan Azərbaycan Prezidenti öz ordusunu da, öz xalqını da daima qələbələrə aparacaq. Biz ona inanırıq. Allah bu haqq işimizdə həm xalqımıza, həm də dövlət başçımıza kömək olsun.
QARABAĞ AZƏRBAYCANDIR!