Nizami rayonunun 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
18 aprel 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonunun 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini qeyd etdi və 2014-cü ilin birinci rübündə Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə üçün sözü başçının müavini İldırım Mehdiyevə verdi.
İ.Mehdiyev respublikada olduğu kimi Nizami rayonunda da hesabat dövründə uğurlar əldə olunduğunu, iqtisadi baxımdan rayonun inkişaf etdiyini, yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd etdi. O, aparılan uğurlu yenidənqurma işləri nəticəsində Nizami rayonunun sənaye müəssisələrinin fəaliyyətinin daha da canlandığını, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görüldüyünü söylədi. 2014-cü ilin yanvar-mart aylarında müəssisələr tərəfindən 117,0 milyon manat dəyərində məhsul istehsal edildiyini, o cümlədən sənayenin dövlət sektorunda 73,5 milyon manatlıq və ya ümumi istehsalın 62,8 faizi qədər məhsul istehsal edildiyini və xidmətlər göstərildiyini nəzərə çatdırdı.
2014-cü ilin I rübündə daxili resurslar hesabına yerinə yetirilən podrat işlərinin həcminin 75,6 milyon manat olduğunu, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 102,5 milyon manat həcmində investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 8,1 faiz artaraq 459,6 milyon manat olduğunu, rabitə sahəsində 50,5 milyon manat, nəqliyyat sahəsində 17,8 milyon manat dəyərində xidmətlər göstərildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin cari ilin ötən dövründə rayonda 769 yeni iş yeri açıldığını qeyd etdi.
Bundan başqa, sosial sahədə də əhəmiyyətli müsbət dəyişikliklər olduğunu bildirərək, 226 ailəyə ünvanlı sosial yardım təyin edildiyini, 447 nəfər tənha və kimsəsiz qocaya, əlilə evlərində sosial və məişət xidmətləri göstərildiyini, 4730 nəfərin sosial müavinət, 211 nəfərin uşaq müavinəti aldığını vurğuladı. Eyni zamanda rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlərin davam etdirildiyini diqqətə çatdırdı.
Təsərrüfat sahəsində görülən işlərdən söz açaraq, istiliklə təchizat sahəsində ayrı-ayrı ünvanlarda istismara yararsız müxtəlif diametrli boruların dəyişdirildiyini, qazanxanalarda 4 ədəd qazan bərpa olunduğunu, 6 ədəd nasos, 2 ədəd mühərrikin təmir edildiyini, qaz təsərrüfatı üzrə 3491,52 p/m müxtəlif diametrli qaz xətləri çəkildiyini, 1487 ədəd mexaniki sayğacın “Smart-kart” tipli sayğacla əvəz edildiyini, 8 ədəd yeni qaz tənzimləyici şkaf quraşdırıldığını, elektrik təchizatını yaxşılaşdırmaq üçün Heydər Əliyev prospektində yerləşən Alov-Fəvvarə parkının, olimpiya şəhərciyinin və ətrafda olan binaların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni 208 №-li yarımstansiyanın tikilib istismara verildiyini, həmin yarımstansiyadan “Koroğlu” transformator məntəqəsini birləşdirən uzunluğu 6100 metr 10 KV-lıq, olimpiya şəhərciyinə isə ikinci qida mənbəyi kimi 3600 metr 10 KV-lıq, elektrik xətti çəkildiyini, su təchizatı və kanalizasiya xidməti ilə bağlı rayon Sukanal İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 1352,5 p/m su borusu, 22 ədəd siyirtmə, 66 ədəd nasos, 16 ədəd elektrik mühərrikinin dəyişdirildiyini, 374,5 p/m kanalizasiya borusunun təmir olunduğunu yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadir Eyvazov, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Hacıağa Qasımov, Rayon Sukanal İdarəsinin rəisi Rauf Abbaslı və millət vəkili Sədaqət Vəliyeva məruzə ətrafında çıxış edərək, əldə olunmuş nailiyyətlərdən, eyni zamanda problem və onların aradan qaldırılması üçün görüləcək işlərdən danışdılar.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov öncə Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının Nizami rayonunda da uğurla icra edildiyini söylədi. Sonra rayonda aparılan abadlıq, yenidənqurma və əsaslı təmir işlərindən söz açaraq, Q.Qarayev prospekti ilə C.Naxçıvanski küçəsinin kəsişdiyi sahədə 390 avtomobil tutumlu yeraltı və yerüstü dayanacağının və C.Naxçıvanski ilə E.Süleymanov küçələrinin kəsişməsində 210 avtomobil tutumlu yeraltı dayanacağın inşasının aparıldığını, həmçinin Q.Qarayev prospektinin əsaslı təmirinə başlandığını və artıq yolun 1 km hissəsinin təmir olduğunu diqqətə çatdıraraq, görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verdi.