Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq öz Prezidentinə, Ordusuna güvənir

16 oktyabr 2020 | 16:00

30 ildir ki, erməni təcavüzünə məruz qalan xalqın səbr kasası artıq daşmışdır. Aparılan danışıqların heç bir nəticə vermədiyini görən, öz elindən-obasından illərdir ki, ayrı düşən insanlar bu məsələnin sona çatdırılmasının, lazım gələrsə, silaha sarılıb vuruşmağa hazır oldqlarını bildirirdilər. İyul hadisələri zamanı general Polad Həşimovun, İlqar Mirzəyevin və digər zabitlərimizin qəddar erməni tərəfindən törədilmiş növbəti təxribat nəticəsində qətlə yetirilməsi xalqın qəzəbini daha da coşdurdu. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ermənistanın qəddar terror hərəkatına cavab verməyin vaxtı çatdığını bildirdi.

Uzun illər yorulmadan Azərbaycanı həm iqtisadi, həm də siyasi cəhətdən yüksəklərə qaldıran Prezident İlham Əliyev xalqı ilə həmrəy oldu.

“Qarabağ Azərbaycandır!” - deyərək Azərbaycanın güclü, qüdrətli ordusu ilə zəfər yürüşünə qalxdı. Bu yürüş təkcə cəbhə meydanında deyil, siyasət meydanında da aparıldı. Cənab İlham Əliyev bir tərəfdən cəbhəyə nəzarəti gücləndirir, bir tərəfdən də qərəzli mövqelərlə Azərbaycana qarşı yönələn jurnalistlərin, siyasi xadimlərin suallarına tutarlı sübut və dəlillərlə müsahibələr verdi. Möhtərəm Prezidentimiz çox gözəl bilirdi ki, erməni öz çirkin ağ yalanları ilə çoxlarını inandırmağa çalışır. Buna görə də Ermənistan rəhbərliyinin yalanlarına inanan ölkələrin, insanların suallarına çox incə, uzaqgörən siyasəti ilə cavab verir, onların yalanlarını puç edir, iç üzünü bütün dünyaya bəyan edir.

Cənab prezident öz çıxışlarında göstərir ki, Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Gəncədə, Tərtərdə və digər cəbhə boyu və cəbhədənkənar ərazilərdə baş verən hadisələr buna parlaq sübutdur.

Prezident İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibədə demişdir: “Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutur və cavab atəşinə təhrik edirlər. Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz ”.

Bəli, bu, doğrudan da, belədir. İstər Azərbaycanın Stalinqradı adlanan və erməni vandalları tərəfindən darmadağın edilən Tərtər şəhər sakinləri, istərsə də cəbhəboyu ərazilərdə atəşlərə məruz qalan insanlar öz Prezidentinə, Ordusuna güvənir: “Ölsək də, torpağımızdan  çıxmarıq”, - deyirlər.

Çünki xalq bilir ki, bütün evləri dağılmış insanların problemləri öz əziz və sevimli Prezidenti tərəfindən həll ediləcəkdir. Təki Vətən sağ olsun.

Bəli, bu gün rəşadətli Azərbaycan Ordusu öz yenilməz, vüqarlı Prezidenti ilə birgə tarix yazır. Azərbaycanın ərazi bütövlüyünü bütün dünyaya tanıdır.

Bu tarixin siyahısında 201 nömrəli tam orta məktəbin də yetirmələri var. General Polad Həşimovun qisasını alan Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Pənahov Ülvi Vüqar oğlu. Hal-hazırda yaralı məzunlarımız da var. Onlar tezliklə sağalıb döyüşə getmək arzusundadırlar.

Hər gün cənab İlham Əliyev qələbə xəbərləri ilə xalqımızı sevindirir və deyir: “Eşq olsun Azərbaycan Ordusuna”.

Keçidlər