Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edir

17 oktyabr 2020 | 16:00

Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etməyinə rəğmən yeni əraziləri işğal etməyə hazırlaşırdı. Belə ki, Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səsləndirirdi və həmin hədələrin nəticəsi indiki bu cür qarşıdurmaya gətirib çıxardı. Lakin yenə də hər zaman olduğu kimi, mövcud hərbi əməliyyatlara ilk olaraq Ermənistan başladı. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qaldı. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhəddində buna bənzər, lakin nisbətən kiçikmiqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı tərəfimizdən saxlanıldı. Bu hərəkətlər Ermənistanın aparılmış olan sülh danışıqlarına sadiq olmadığını, işğalçılıq niyyətindən əl çəkmədiyini əyani sübut edir.

Ermənistan dinc əhaliyə qarşı terror törədir. Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Belə əməllərindən əl çəkməyən düşmənin növbəti bu kimi təxribatları nəticəsində həlak olanların və yaralananların sayının artma ehtimalı hər zaman var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.

Hərbi əməliyyatlar uğurla davam edir. Bu əməliyyatlar nəticəsində Ermənistan ordusunun itkiləri çoxdur. Lakin onlar bu itkilərini gizlədirlər. Çünki öz orduları haqqında yaratdıqları dirnaqarası yenilməzlik mifini darmadağın etmiş olarlar.

Ölkə başçısının söylədiyi kimi, döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olaraq Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsini, Füzuli rayonunun kəndlərinin əksəriyyətini, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsini işğaldan azad edib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir.

Eyni zamanda, dövlət başçısı bu əməliyyatlarda hər hansı xarici hərbi iştiraka ehtiyac olmadığını, Azərbaycan Ordusunun 100 mindən çox döyüşçü olduğunu, zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəmin bir neçə dəfə artırıla biləcəyini qeyd edib. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Cənab Prezident söylədiyi kimi, Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə də cənab Prezident əlavə hərbi qüvvələrə ehtiyac olmadığını bir daha qeyd edib.

Keçidlər