Vətən Müharibəsi bəşəri dəyərlər olan ədalətin və haqqın bərpası uğrunda aparılır
Dövlət başçısı, cənab İlham Əliyev “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna verdiyi müsahibədə bildirdiyi kimi “Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir”.
Gəncədə mülki əhaliyə qarşı törədilmiş terror aktları bunun sübutudur. Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Dövlət başçısı bu həqiqəti də qeyd edir: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz ermeni deyilik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq. Bizim cəzamız ədalətli cəza olacaq. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi siyasi rəhbərliyi cinayətkarlardır. Biz bu cinayətkarları cəzalandıracağıq”. Belə ki, ordumuz erməni provakasiyaının layiqli cavabını verməyə qadirdir. Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Pilotsuz uçuş aparatlarından məharətlə istifadə edilir. Ali Baş Komandanın bildirdiyi kimi “Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin bir milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur”.
Bunu da qeyd etmək lazımdır ki, bizim ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizə ədalətdən əlavə tarixi həqiqətlərə dayanır. Cənab Prezidentin qeyd etdiyi kimi “XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə, Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi.Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi”.
Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə, şübhəsiz, yüksək dəyər verir və verəcəkdir.
Orxan Oktay oğlu İsmayılov
Rayon sakini