Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub

22 oktyabr 2020 | 16:00

Ermənistannın baş naziri N.Paşinyan ”Münaqişənin diplomatik həlli yoxdur” kimi açıqlama ilə çıxış edərək, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırki rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmişdir. Azərbaycan tərəfi isə humanitar atəşkəsə iki dəfə razılıq verməklə konstruktivlik nümayiş etdirib və beynəlxalq təşkilatların qətnamələrinə  istinadən danışıqlar yolu ilə münaqişənin həllini dəstəklədiyini bəyan edib. Azərbaycanın münaqişəyə konstruktiv yanaşması dövlət başçısı İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsində də yer alıb: ”Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı Gəncə şəhərinin yaşayış məntəqələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Həlak olanlar və yaralananlar çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə, o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prossesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərimizdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə, Azərbaycan qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır. Hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb”.

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qurur mənbəyidir. Bizim ordumuz güclüdür və ordumuzun gücü gündən-günə artır. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib. Dövlət başçısı cənab Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində status-kvonun məhv edilməsi də öz əksini tapmışdır. ”Bu gün status-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni status-kvo yoxdur, təmas xətti yoxdur. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv edilib.

Sonda cenab Prezident Rusiyanın regionda və münaqişənin həllində olan rolundan bəhs edib.” Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir.”

 

Orxan Oktay oğlu İsmayılov
Rayon sakini

Keçidlər