Azərbaycan Ordusunun qələbə salnaməsi
Bir ölkənin böyüklüyü, qüdrəti ərazisindən, əhalisindən, yerləşdiyi strateji-coğrafi mövqeyi kimi faktrorlardan əlavə, tarixin ona bəxş etdiyi peşəkar, analitik şəxsiyyətlərdən də aslıdır. Dövlət başçımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyü uğrunda gedən haqq mübarizəsi genişmiqyaslı uğurlarla davam edir. Azərbaycan Ordusunun qələbə marşı cənab Prezident İlham Əliyevin 20 oktyabr tarixli xalqa müraciətində əks olunmuşdur.
Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Ölkə başçısının dediyi kimi, Azərbaycan Ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil.Haqq yolunda vuruşan Azərbaycan Ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil, bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.
İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaqdır. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir. Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Dövlət başçısının xalqa müraciətində status-kvonun heç bir zaman qebuledilmez olduğu və hazırda status-kvo Azərbaycan əsgərinin peşəkarlığı nəticəsində dəyişmişdir. Status-kvo artıq yoxdur. Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir.
Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir.
Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.
Orxan Oktay oğlu İsmayılov
Rayon sakini