Haqq işimiz, birliyimiz qalibiyyət gətirəcək!
İllərdir ki, bu günü həsrətlə gözləyirdik. Çox istədik ki, hər bir münaqişəni sülh yolu ilə həll edək, amma alınmadı. Çünki düşmən amansız, anlaqsızdır. Ataların yaxşı bir misalı var: ”Düşmən olanda da kişi ilə düşmən olasan”. Təəssüf ki, bizim bəxtimizə erməni kimi namərd qonşu düşüb. Çox hörmətli dövlət başçımızın illərdir ki, apardığı məqsədyönlü siyasəti – münaqişənin dinc yolla həllinə çalışması düşməndə belə bir fikir formalaşdırıb ki, Azərbaycan dövləti bizə heç nə edə bilməz, biz məğlubedilməzik.
Birinci Qarabağ savaşında havadarlarının köməyi ilə torpaqlarımızı işğal edən düşmən o qədər arxayınlaşmışdır ki, artıq Azərbaycana meydan oxumağa başlamışdı. N.Paşinyanın Valdayda keçirilən yığıncaqda “Qarabağ Ermənistandır və nöqtə”, - deməsi ona baha başa gəldi. Uzaqgörən siyasi xadim İlham Əliyevin ”Qarabağ Azərbaycandır və nida”, - cavabı bu gün bütün xalqımızın dilində şüara çevrilib, əsgərlərimiz düşmənə zərbəni bu sözlərlə vurur və vurmaqda da davam edir.
Sanki bu günə kimi dünya yatmışdı, talanan yurdlarımızı, məhv edilən sərvətimizi, yurd-yuvasından qovulan soydaşlarımızı heç kim görmürdü. 27 sentyabrda düşmənin həyasızcasına hücumu xalqımızın səbir kasasını doldurdu. Xalq öz başçısının “vur” əmrinə bir yumruq kimi birləşdi. Elə cəbhədən ilk atəş səsləri gələn kimi bütün dünya sanki “qış yuxusu”ndan ayıldı. Hamı sözləşmiş kimi ermənini bu və ya müxtəlif formada müdafiə etməyə başladı, dövlətimizə, ordumuza, dövlət başçımıza qarşı qarayaxma kampaniyaları başladı.
Ayrı-ayrı qəzet və jurnallar dolayısı ilə ermənilərə haqq qazandırmağa çalışdılar. Lakin onlar bir faktı nəzərdən qaçırmışdılar. Onların qarşısında əyləşib müsahibə verən Heydər Əliyev məktəbini keçmiş, illərin çətinliklərini aradan qaldıraraq Azərbaycan kimi qüdrətli bir dövləti qoruyub saxlayan İlham Əliyev idi. Rus, ingilis dillərini öz ana dili qədər mükəmməl bilən, tarixini, coğrafiyasını öz adı kimi şərəfli hesab edən bir insanı necə çaşdıra bilərsən?
Dövlət başçımızın bu yaxınlarda Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibə elə bil illərdir ki, ürəyimizdə yığılıb qalmış nisgili, kədəri yuyub apardı. Həmişə fikirləşirdik ki, görəsən nə vaxtsa bizim haqq sözümüzü deyən tapılacaq, deyən olsa, kimsə eşidəcək, dinləyəcək? Elə bil hörmətli Prezidentimiz ürəyimizdən keçənləri dünyaya car çəkdi. Hələ də müxbirin sualına verdiyi cavab qulaqlarımda səslənir: ”Yox, biz özümüzü demokratik dövlət hesab etmirik, amma televizorun qarşısında oturub özünü demokratik dövlət hesab edən avropalıların etiraz üçün küçəyə çıxan insanları neçə döydüklərinə, güllələdiklərinə, öldürdüklərinə, şikəst etdiklərinə tamaşa edirik, əliyalın insanların üzərinə it buraxan polislərin zorakılıqlarının şahidi oluruq. Biz öz torpaqlarımızı müdafiə edirik. Bizim işimiz haqq işidir, bizim heç kəsin torpağında gözümüz yoxdur, amma bizə məxsus olanı da heç kəsə verməyəcəyik. Erməni əsgəri ölmək istəmirsə, torpağımızdan çıxsın”.
Bax, bu fikirlər illərdir ki, hər bir azərbaycanlının qəlbində qubar bağlamışdı, közə çevrilib qəlbimizi yandırıb yaxırdı, nə yaxşı ki, hamının ürək sözlərini söyləməyə qadir olan dövlət başçımız, Ali Baş Komandanımız, uzaqgörən siyasətçimiz var. Biz öz prezidentimizlə fəxr edirik, biz ordumuzla fəxr edirik. Bu gün hər bir azərbaycanlının ürəyi cəbhədə, öz əsgərinin yanındadır. Düşmən elə hesab edirdi ki, atdığı bombalar xalqımızın əzmini qıracaq, xaos yaradacaq, lakin ermənilər və onların havadarları yanılmışdılar, xalq öz sevimli başçısının ətrafında daha sıx birləşdi, bu birlik bizə öz torpaqlarımızı işğaldan azad etməyə güc, qüvvət verdi.
Dövlət başçımız jurnalistin çaşdırıcı suallarını inamla cavablandıraraq Azərbaycanın cəbhədə düşməndən qənimət kimi götürdüyü və məhv etdiyi silah- sursatın dəyərinin 2,7 milyard dollar olduğunu deyərək, irad bildirdi ki, Ermənistan kimi kasıb bir ölkənin bu qədər hərbi texnikanı haradan aldığını heç soruşan da yoxdur. Bəs bu ədalətsizlik deyil, bu ayrıseçkilik nə üçündür? Biz heç vaxt dinc əhalini atəşə tutmuruq, biz müharibəni cəbhədə aparırıq, heç bir qadağan olunmuş silahlardan istifadə etmirik, bizim muzdlu döyüşçülərə ehtiyacımız yoxdur, beynəlxalq təşkilatları dəvət edirik, heç nəyi gizlətmirik, hamı üçün şərait yaradırıq, gəlib yoxlaya bilərlər, bizim gizlətməli heç nəyimiz yoxdur.
Dövlət başçısı verdiyi müsahibələrdə dəfələrlə qeyd edib ki, ilk atəş açan Ermənistan oldu. Biz bütün beynəlxalq təşkilatların qərar və tövsiyələrinə həmişə hörmətlə yanaşmışıq və yanaşırıq da. Biz BMT-nin 4 qətnaməsini özümüz həyata keçirməli olduq. İllərdir kağız üzərində qalan qətnamələr icra olunmadı, Ermənistanın beynəlxalq hüquq və normalara məhəl qoymamasına baxmayaraq, bir dəfə də olsun bu dövlətə qarşı sanksiya tətbiq olunmadı, törətdiyi hərbi cinayətlərin sayı-hesabı olmasa da, heç bir ölçü götürülmədi, bu da onları daha da azğınlaşdırdı. Hətta müharibənin getdiyi dövrdə yalvararaq 3 dəfə humanitar atəşkəsə nail olmalarına baxmayaraq, heç bir saat keçmədən cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı hərbi cinayət törətdilər. Dəfələrlə beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, Azərbaycan tərəfdən muzdlular vuruşur. Ayrı-ayrı qəzet və jurnalların müxbirləri bizə qarşı qarayaxma kampaniyası aparırlar. Amma biz bütün bunlardan qorxmuruq, 30 ildən çox bir müddətdə işğal altında olan torpaqlarımızı azad edirik, bu bizim haqqımızdır, biz bu yoldan dönməyəcəyik, axıra qədər haqq işimizi müdafiə edəcəyik.
Bax, budur, Dövlət və Xalq birliyi! Bu birlik dəmir yumruğa dönüb düşmənin başında ildırım kimi çaxır. Bax, budur, Ordu, Dövlət, Xalq birliyi! Bu birlik hələ çox düşmənin gözünü töküb kor edəcək. İnşallah, o gün uzaqda deyil. Biz öz Ordumuza, Ali Baş Komandanımıza güvənirik, inanırıq və bu inamdır bizi yaşadan da.
Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Prezidentimizə! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!