Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan 27 illik problemini həll edir

05 noyabr 2020 | 16:00

27 ildir ki, Azərbaycan xalqı, Azərbaycan Prezidenti torpaqlarımızın qaytarılması üçün böyük səbir nümayiş etdirir. Dövlət başçısı ərazi bütövlüyünü təmin etmək, Qafqazda sülhü qorumaq üçün bütün mövcud yollarla məsələni həll etməyə çalışır. Çox təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətlərini təhrif edir. Belə fake xəbərlərin, səhv məlumatların yayılmasında beynəlxalq jurnalistlərin dırnaqarası xidmətləri var. Əslində peşəkar jurnalist fakta əsaslanmalı, vicdanlı, ədalətli  olmalıdır. Burada bitərəflilik, dəqiqlik, doğruluq da əsas prinsiplər kimi öz yerini tutmalıdır. Vicdanlı olmaq dedikdə, fırıldaqçılıq və aldatma kimi qəbuledilməz meyillərdən uzaqolma başa düşülür. Ədalətli olmaq özündə şəxsi mənfəət, tərəfkeşlilik, yaxud qərəz kimi elementləri müəyyən edib onların nəzarətdən çıxmasına yol verməmək mənasını verir. Jurnalistin əsas vəzifəsi faktı üzə çıxarmaqdır.

Çox təəssüf ki, bu günlərdə Almaniyanın ARD televiziya kanalı jurnalistinin Prezident İlham Əliyevlə müsahibəsindəki qərəzli suallar onun bir jurnalist kimi məlumatsızlığı və yaxud  tərəfkeşliyini nümayiş etdirdi.

Lakin Prezident İlham Əliyevin dolğun cavabları yəqin ki, jurnalisti uzun müddət düşündürməyə məcbur edəcək. Jurnalist sənətinə yiyələnən şəxs əvvəlcədən araşdırmalar aparmalıdır. O bilməlidir ki, Prezidentimizin qeyd etdiyi kimi, atəşkəsi pozan ölkə Ermənistandır.

Həmçinin Minsk qrupu həmsədrlərinin laqeyd mövqeyi, Ermənistan qoşunlarının  çıxarılmasını tələb edən dörd qətnamənin icrasına əməl edilməməsinə göz yummasıdır. Lakin bu 27 ildə Azərbaycan danışıqlar masasında oturmaqla yanaşı, iqtisadiyyatı inkişaf etdirmiş, büdcəni artırmışdır.

Bu gün ordumuzdakı qələbələr 27 ilin nəticəsidir. Bunun əksinə Ermənistanın çökmüş iqtisadiyyatı və  zəif büdcəsinin müqabilində sürətlə silahlanmasının mənbələri araşdırılmalıdır.

Jurnalistin qərəzli suallarından biri də dövlətin demokratiyasını boğması sualıdır. Halbuki, demokratiyanın beşiyi olan Avropada etirazçılar atlarla döyülür, itlər gətirilir, insanlara xəsarət yetirilir. Sarı jiletlilərin nümayişləri zamanı ondan çox adam qətlə  yetirilmişdir. Bu demokratiyadırmı? Belə nəticəyə gəlmək olar ki, istənilən hadisəni müxtəlif yöndən baxaraq demokratiya adlandırmaq olar.

Bir şəxsin isə sülh istəməsi və buna görə tutulması sualını isə Prezident sualla cavablandırmışdır: ”Adını söyləyin”.

Adını bilməməsi isə jurnalistin fake xəbər yaymasına, jurnalist peşəsinə hörmətsizliyinə dəlalət edir.

Jurnalistin həm də tarixi araşdırmaları olmalıdır. Bilməlidir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bununla bağlı sualı Prezidentimiz gözəl cavablandırmışdır: “Tarixə gəlincə, Sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib. Onları Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər”.

Müsahibə vaxtı nədənsə ARD müxbiri “Amnesty İnternational“ və “Human Right Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbə endirməsi faktının üstündən keçir.

Belə səriştəsiz, tərəfkeşli jurnalistlərin qərəzli, yalan məlumatlarıdır ki, Prezident və Xalq 27 illik problemini özü həll etməyə çalışır. 

Zabikə Həsənova
70 saylı məktəb-liseyinin müəllimi
Keçidlər