Qələbən mübarək, Azərbaycan!
Sentyabrın 27-dən Ermənistan öz çirkin, mənfur niyyəti ilə Azərbaycana qarşı yeni ərazilər iddiası ilə hücuma başladı. Çünki dişində şirə qalmışdı. 27 ildən artıqdır ki, onun başına sığal çəkən, həmsədrlərə arxalanan, Azərbaycanın indiki qüdrətini, gücünü hesaba almayan, beynəlxalq aləmdə özü kimi haqqı tapdalayan havadarlarına güvənən Şuşanın Cıdır düzündə sərxoş, təlxək vəziyyətdə yallı gedib yaralarımızın qaysağını qoparan Paşinyan çox böyük xülyalar arzusunda idi. 30 ildir ki, Azərbaycan xalqı Minsk qrupunun həmsədrlərinin çaldığı havaya səbrlə dözürdü. Lakin Azərbaycanın zümrüd qaşı, incisi, musiqi beşiyi olan Şuşada bu murdar məxluqların yallı getməsi şəhidlərimizin ruhuna, milli qürurumuza bir təhqir idi. Azərbaycan xalqı bu təhqirə dözə bilməzdi. Sanki o torpağın çölü, çəməni, başı dumanlı dağları ağı deyib haray çəkir “bizi bu murdarların tapdağından qurtarın”, – deyirdilər. Bu haraya, bu səsə biganə qalmaq olardımı?! Əsla!
Xalq canından əziz bildiyi Prezidentinin ətrafında bir yumruq kimi birləşdi. Ulu Öndərimizin bizə ərmağan qoyduğu xalqının milli qürurunu, mənliyini hər şeydən əziz tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “status-kvo yoxdur”, – deyərək bütün dünya diplomatiyasını, Məmməd Araz demişkən, Azərbaycan dünyasından dünyaya baxmağa məcbur etdi və dəmir yumruğu ilə Azərbaycana həqarətlə baxan düşmənin başını əzdi. Cənab Ali Baş Komandan çıxışlarının birində dedi: «Bu bir ay ərzində beynəlxalq mediaya 30 müsahibə vermişəm. Ömrümdə bu qədər müsahibə verməmişdim». Bəli, bu 30 müsahibənin hər kəlməsi, hər hərfi bir cəngavər vuruşu idi. Hər gün Ali Baş Komandanın müraciətini böyük həyəcan və intizarla gözləyən xalq noyabrın 8-də böyük coşqu və səbirsizliklə əziz Prezidentinin qələbə xəbərini gözləyirdi. Budəfəki qələbə xəbəri qeyri-adi idi. Xalqın ürəyi həyəcanla çırpınırdı: «Görəsən bu gün hansı rayonu, şəhəri azad etdiyini söyləyəcək?» Bu dəfə məkan da fərqli oldu. Cənab Ali Baş Komandan öz müraciətini özünəməxsus təmkinlə hərbi geyimdə Fəxri Xiyabandan və Şəhidlər Xiyabanından etdi. Bu, bir oğulun öz atasına qəhrəmanlıq hesabatı idi. Ulu Öndərimizin ruhu qarşısında cənab Prezidentin dediyi: «Mən bir oğul kimi ata vəsiyyətini yerinə yetirdim. Şuşa artıq azaddır» sözləri bütün Azərbaycanı göz yaşlarına boğdu. Bu, sevinc göz yaşları idi. Bu sözləri yaza-yaza göz yaşlarımı saxlaya bilmirəm. Bu səhnə tarixlərə qızıl hərflərlə yazılacaq. Tarixdə çox hadisələr olub, lakin ata vəsiyyətinin, qələbənin bu cür təqdimatı heç bir dastana, qəhrəmanlıq salnaməsinə sığmaz. Tarixi abidələr şəhəri olan Şuşa Azərbaycan xalqının nəfəs aldığı havası idi. Azərbaycan xalqı Şuşasız sanki nəfəs ala bilmirdi. Əziz Prezidentimiz xalqın nəfəsini özünə qaytardı. Prezidentimizin dediyi kimi, əsgərlərimizin canı, qanı bahasına… düşmənlə əlbəyaxa dağa dırmaşa-dırmaşa, qanı axsa da dayanmayan igidlərimizin, ərənlərimizin hesabına. Prezident İlham Əliyev demişdir: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Çünki bu savaş haqq savaşı idi”.
Vətən sənə oğul dedi, igid əsgər! Vətən sənə oğul dedi, cənab Ali Baş Komandan! Qələbən mübarək, Azərbaycan! Əziz Şuşa, biz qayıtdıq!