Şanlı Qələbəmiz
Azərbaycan tarixində 10 noyabr gunu milli yaddaşımıza qızıl hərflərlə həkk olunaraq, doğma yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tariximizə yazıldı. Ümummilli liderimiz Heydər Əliyev “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, - söyləməklə insanlarda gələcəyə böyük inam yaratmışdır. Bu gün onun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyevin bütün istiqamətlərdə apardığı siyasət, həmçinin ərazi bütövlüyünün təmin edilməsini gerçəkləşdirməsi bu inamı daha da artırdı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayaraq doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlar nəticəsində qazandığı zəfərlər hər birimizdə böyük qürur və fəxarət hissi yaratdı. Azərbaycan Ordusu cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan “iti qovan kimi” qovaraq məğlub etməsi xalqımızda böyük sevinc və ruh yüksəkliyinin yaranmasına səbəb oldu. 27 illik həsrətə son qoyuldu. Əzəli torpaqlarımız düşmən işğalından azad edildi. Bu əlamətdar hadisə milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi. Şanlı qələbəmiz böyük çətinliklər bahasına başa gəldi.
Bu müddət ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad edildi. Azərbaycanın ayrılmaz hissəsi Dağlıq Qarabağ və onun gözü olan Şuşa şəhərinin azad edilməsi nankor düşmənimiz olan Ermənistanın məğlubiyyəti və diz çökməsi ilə nəticələndi. Ölkələr arasında gedən 27 illik nəticəsiz sülh danışıqları sonda 27 sentyabrdan başlayan və 44 gün davam edən müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu canı-qanı bahasına Ermənistanın illərdir ki, məğlubedilməzlik əzmini qıraraq, onları hesablaşmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar etdi. Artıq işğaldan azad olunmuş torpaqlarımız Azərbaycan Ordusunun nəzarətindədir. Böyük qürür hissi ilə demək olar ki, Dağlıq Qarabağın incisi və hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşa şəhəri azad edilmiş şəhərlər sırasındadır. Meydanda məğlubiyyətə uğrayan Ermənistan sülh sənədini imzalamaq və tam kapitulyasiyasını rəsmən etiraf etmək məcburiyyətində qaldı. Tarixi ədalət və beynəlxalq hüququn triumfu olan sözügedən sənədi 9 noyabr 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan imzalayıb. Bu razılaşmaya görə, Ermənistan işğalçı qüvvələrini qeyd-şərtsiz şəkildə qalan daha 3 rayondan da çıxarır: 15 noyabrda Kəlbəcərdən, 20 noyabrdan Ağdamdan və 01 dekabrda isə Laçından. Bütün Dağlıq Qarabağ bölgəsi heç bir status verilmədən Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq qalır. Sazişin icrasına nəzarətin effektivliyini artırmaq üçün Rusiya və Türkiyə təmsilçilərindən ibarət sülhməramlı mərkəz yaradılmışdır.
Azərbaycanın tarixi qələbəsi bütün münaqişələrin həll olunmasına nümunə olacaq. Xalqımız bu qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu qələbə Azərbaycan xalqına, xalq da bu qələbəyə layiqdir. Çünki, Azərbaycan dövlətçiliyi böyük bir imtahandan keçdi. Azərbaycan Prezidenti İlham Əliyev bu doğru qərarı qəbul etməklə xalqımızın tarixi zəfərini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevrildi. Prezident İlham Əliyevin Azərbaycanın dilbər guşəsi Şuşanın azadolunma müjdəsini Fəxri Xiyabandan Ümummilli lider Heydər Əliyevin məzarı önündən “Mən fəxr edirəm ki, atamın vəsiyyətini yerinə yeritdim, Şuşa azad olundu”,-ifadəsi ilə xalqa çatdırması bu gün müasir fikirli gənclərimizdə böyüyə, valideyinlərə bir ehtiram yaratdı. İlham Əliyev Azərbaycan tarixində yeni səhifə açaraq Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı.