Şuşada zəfər yazan Ali Baş Komandan!
Şuşa-qeyrət rəmzi, milli mücadilə simvolu, musiqi mədəniyyətimizin beşiyi, Qarabağın ürəyi, Ali Baş Komandan İlham Əliyevin zəfər bayrağını sancdığı müqəddəs yurd, Ana Vətən!
Nə xoşdur, Vətən torpağını azad görmək, onun yağı düşməndən azad olunmasına şahidlik etmək, qələbə bayramının şərbətini içmək. Bundan gözəl hiss, bundan gözəl duyğu təsəvvür etmək yersiz olardı. 30 ilə yaxın bir müddətdə itirdiyimiz o torpaqların ağrı-acısını yaşamaq, qaçqın və məcburi köçkün olmaq, boynu bükük, başı aşağı yaşamaq olduqca çətin və məşəqqətlidir.
Özlərini Qərb mədəniyyətinin daşıyıcıları, demokratiyanın hamisi hesab edənlər, “ədalətdən” dəm vuran bəzi dairələr- beynəlxalq təşkilatlar, insan hüquqlarını müdafiə edən müvaviq qurumlar, supergüc dövlətlər bu 30 ilə yaxın bir müddətdə bir dəfə də olsun Ermənistanın xunta rejimindən soruşmadılar ki, niyə Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etmirlər, niyə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdikləri məlum Qətnamələrin yerinə yetrilməsini icra etsmirlər. Doğrudur, bu sual və haqlı irad onların xoşuna gəlmir. Hələ 1992-ci ildən yaradılmış, guya tərəflər arasında münaqişənin nizamlanmasına müvəkkil edilmiş ATƏT-in Minsk qrupu deyilən bu təşkilat, 1994-cü il may ayının 12-də imzalanmış “Bişkek protokolu” kimi tarixə düşən atəşkəs rejiminin yerinə yetirilməsini nəzərdə tutan bu sənədə, nəinki nəzarət etməyi bacarmadılar, hətta bu uzun illər ərzində bir az da olsa münaqişənin həllinə dair müsbət nəticə əldə etmədilər.
Çox şükürlər olsun ki, xalqımız ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək düşmənin məkrli planlarını pozdu və ona qısa müddət ərzində elə bir dərs verdi ki, çətin düşmən özünə gələ bilsin. Bəlkə son iki yüz ildə xalqımız belə yekdil, bütöv, umummilli maraqlar naminə həmrəy olmamışdır. Bir çox ziyalıların qeyd etdiyi kimi, bu Vətən müharibəsində uşağından-böyüyünə, ziyalısından-sıravisinə, iqtidarından-müxalifətinə kimi hamı bir amal uğrunda bütövləşərək, Prezidentin ətrafında sıx birləşərək düşmənin göz dağına çevrildi.
Bu ilin sentyabr ayının 27-dən başlanmış 44 günlük müharibə Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri pərən-pərən oldu. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyənnaməyə imza atması, Azərbaycan xalqının əhval- ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə gömüldü, Dağlıq Qarabağda Azərbaycan torpaqları hesabına yeni erməni dövləti yaradılması planları pozuldu. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Azərbaycan yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam, Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcəkdir. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.
Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Bununla da Qarabağa heç bir status verilmir, Qarabağın bütün rayonları digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Azərbaycan Ordusunun əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi bütün dünyada örnək olacaq hadisədir. Prezident İlham Əliyevin təbirincə desək:” Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”. Bu yeni nəsil müharibə üsuludur, yəni texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsidir.
Bu qısamüddətli müharibədə Ordumuzun, Ali Baş Komandan İlham Əliyevin siyasi mövqeyinin dəstəklənməsi, qardaş Türkiyə Respublikasının, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına olan mənəvi və siyasi dəstəyi heç zaman qədirbilən xalqımız tərəfindən unudulmayacaqdır. Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyənin dəstək və həmrəylik nümayiş etdirilməsi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: ”Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yer alacaq”. Xalqımız qardaş ölkənin bu möqeyini alqışlayır və Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Biz bir millət iki dövlətik”, -ifadəsinə həmişə sədaqət nümayiş etdirəcəkdir.
Beləliklə, bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi mökəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir.
Prezident İlham Əliyedən sitat: “Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik”!
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı, Müzəffər Ordumuz!