Şriftin ölçüsü :

Saytın rəngi :

Gözün aydın, Azərbaycan!

15 noyabr 2020 | 16:00

Hərb tarixinə yeni bir döyüş nümunəsi kimi düşən İkinci Qarabağ və ya Vətən müharibəsi cəmi 44 gün davam etdi və Azərbaycanın qələbəsi ilə bitdi. Bəli, Azərbaycanın yenilməz xalqının, Azərbaycanın müzəffər ordusunun, Azərbaycanın rəşadətli əsgərinin qələbəsi ilə. Bu qələbəni bizə xalqın, əsgərin, Ali Baş Komandanın vəhdəti yaşatdı.  Azərbaycan Respublikasının - bizim tam, bütöv Vətənin təqvimində bir səhifə - noyabrın 10-u qırmızı rəngə boyandı. Qələbənin qırmızı rəngi, yəqin ki, təsadüfi deyil. Bu sevinci  bizə yaşadan bizim əsgərlərimizdir. Göz yaşını da biz şəhid əsgərimiz üçün axıdırıq. Bugün hamımız şəhid analarının əllərindən öpüb, şəhidlərin ruhu qarşısında baş əyirik. Onların qanı əbəs yerə axmayıb. Bu gün qələbəni biz onların sayəsində qazanmışıq.

Gözün aydın, Azərbaycan! Daha şəhidimiz yoxdur, olmayacaq. Erməni tapdağında qalan torpaqlarımızın qalan hissəsindən də düşmən özü gedəcək, döyüşsüz, qansız, ən başlıcası isə, şəhidsiz. Bugündən Azərbaycan qadını oğlu, qardaşı, həyat yoldaşı, atası üçün narahat, yuxusuz gecələr keçirməyəcək, göz yaşı axıtmayacaq. Müharibənin ilk günlərindən Ali Baş Komandan dəfələrlə bəyan etmişdir ki, Ermənistan işğal etdiyi torpaqlardan öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Azərbaycan sözünə əməl etdi, çünki üçtərəfli bəyanatın şərtlərinə əsasən işğalda qalan torpaqlar razılaşdırılmış qrafiklə  tənzimlənir.

Azərbaycan Respublikasının Prezidenti 44 gün ərzində dünyanın aparıcı mediasına 30-dan çox müsahibə vermiş, eyni zamanda xalqa dəfələrlə müraciət etmişdir. Dediyi sözlər, işlətdiyi ifadələr dillər əzbəri olub, xalq arasında aforizmə çevrilib.

Qələbəmizin başlanğıc nöqtəsi  haradadır? Mübarizdən, Lələtəpədən, Poladdan, İlqardan başlayır bu qələbə. Səfərbərlik elan olunmamış hərbi komissarlıqlara axından başlayır bu qələbə.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının başlıca  səbəbidir. Ali Baş Komandanın dediyi kimi, milli məsələlərdə biz birləşməyi bacarırıq. Bəli, birləşdik, güc birlikdədir, gücümüzü göstərdik. 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzalandı: Azərbaycan Respublikasının Prezidenti Rusiya Federasiyasının Prezidenti tərəfindən Ermənistan Respublikasının Baş naziri və imzalanan bu sənəd  sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır.  Ermənistan Respublikasının Baş nazirinin etirafi: “Ordu rəhbərləri məlumat verdilər ki, orduda canlı qüvvə çatışmazlığıdır." İllər uzunu məğlubedilməzlik libasinda səhnəyə çıxan erməni ordusunun zəifliyi, acizliyi çox tez məlum oldu.

Bəyanat bizə nə verdi? Yuxarıda qeyd etdiyimiz kimi, torpaqlar şəhidsiz azad olur. Dekabrın 1-dən 3360 km uzunluğunda su və quru sərhəddimiz  Azərbaycan Dövlət Sərhəd Xidmətinin  tam  nəzarətinə keçir. Azərbaycan Respublikasının dünya birliyi tərəfindən qəbul olunmuş ərazi bütövlüyü bərpa olunur. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə sülhməramlı mərkəz yaradılır ki, bu mərkəzə müharibə zamanı Azərbaycana  mənəvi və siyasi dayaq olan Türkiyə də daxildir. Bu da ona dəlalət edir ki, Azərbaycanın əleyhinə heç bir addım atıla  bilməz.

Düzdür, bəyanatda adları çəkilən ərazilərdə ermənilər yaşayacaq. Lakin hansı şərtlər daxilində? Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edib, Azərbaycan Respublikasının vətəndaşı pasportu ilə, Azərbaycan Respublikasının dövlət dilini öyrənərək. Heç bir muxtariyyət verilmir, hər hansı bir status nəzərdən keçirilmir. Çünki Ali Baş Komandanın sözləri ilə desək: "Status-kvo yoxdur, biz statusu ləğv etdik, cəbhədə ləğv etdik. Cəhənnəmə getdi status, gorbagor oldu status".

 

Gülşən Ağayeva
61 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər