Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə qarşısında təşvişə düşən Ermənistan hakimiyyəti kapitulyasiya imzalamağa məcbur oldu

14 noyabr 2020 | 16:00

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu müharibə bir daha sübut etdi ki, ən cətin anda xalq-dövlət birliyi ən yüksək səviyyədədir. Ermənistandan fərqli olaraq, Azərbaycanda xalq istər maddi, istərsə də mənəvi cəhətdən əsgərlərimizin yanında oldu. Azərbaycan əsgəri döyüş ruhunu bir daha dünyaya sübut etdi. Şuşa döyüşləri haqqında reportaj hazırlayan rus jurnalistinin ifadəsi ilə desək, bu nə vətən sevgisi, bu nə qorxmazlıq, sanki əsgər ölümə meydan oxuyur. Son döyüşlərdə Azərbaycan Ordusunun döyüş taktikası dünya gündəmində də müzakirə mövzusu oldu. Vətən müharibəsi Azərbaycan xalqına dostunun kim, düşməninin kim olduğunu da bir daha sübut etdi.

Son döyüşlər Ermənistanın həm siyasi, həm də hərbi cəhətdən acınacaqlı vəziyyətini erməni xalqına göstərdi. Bu məğlubiyyətlə erməni xalqı döyüşmək əzmini əbədi olaraq itirdi. 30 illik sülh danışıqları prosesi ilə həll edilə bilməyən münaqişə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun canı-qanı bahasına 44 günə həll edildi. Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən alınması Qarabağ müharibəsinin taleyini həll etdi. Qələbə qarşısında təşvişə düşən Ermənistan hakimiyyəti kapitulyasiya imzalamağa məcbur oldu.

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və  Ermənistan Respublikasının Baş nazirinin birgə bəyanatının Azərbaycana qazandırdıqları haqqında bu fikirləri söyləyə bilərik.

İlk olaraq noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını çıxarır. Bununla da insan tələfatının qarşısı alındı.

Bəyannamənin ən cox müzakirə olunan hissəsi rus sülhməramlılarının bölgəyə gəlməsi maddəsidir. Belə bir tarixi reallıqda rus sülhməramlılarının bölgəyə gəlməsini heç də işğal kimi qiymətləndirmək lazım deyil, çünki bu quvvələr məhdud sayda və Azərbaycan hökümətinin razılığı ilə bölgədə sabitliyi təmin etmək üçün buraya yerləşdirilir. Həm də Qarabağın ən yüksək məntəqələrində Şuşada, Murovda lazımı qədər Azərbaycan Ordusu yerləşdiriləcək ki, bu da digər ehtimalların qarşısını alacaqdır.

Türkiyə sülhməramlılarının bölgədə olması, istər ordumuza, istərsə də dövlətimizə mənəvi dayaq olacaq. Son hadisələr zamanı Türkiyə Cümhuriyyətinin dövlət və xalq olaraq bütün sahələrdə Azərbaycana dəstək verməsi “bir millət iki dövlət” ifadəsinin sözdə yox, əməldə olması fikrini təsdiqlədi. Bəyannamə çərçivəsində Naxçıvanın blokadadan çıxarılması ilə Muxtar Respublikanın Azərbaycanın digər bölgələri ilə ən qısa yolla əlaqələri qurulacaq. Türkiyə ilə Türk Dünyası arasında təhlükəsiz nəqliyyat dəhlizi də məhz bu sazişlə reallaşacaq.

Son döyüşlər zamanı Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

Bu qələbə ilə özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Azərbaycan xalqı bu qələbədən sonra öz liderinə böyük etimad göstərərək bütün sahələrdə dövlətçilik məfkurəsini ön planda tutacaqdır. Bir daha əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası bu qələbədən  sonra öz inkişafını daha da sürətləndirəcək.

 

Vəli Hüseynli
61 nömrəli tam orta məktəbin müəllimi

Keçidlər