Ağdam işğaldan qurtuldu
Bu gün Ağdamın işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.Üçtərəfli bəyanat Azərbaycanın qələbəsi, torpaqlarımızın qayıtması, bayrağımızın ucaldılmasıdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Bu münasibətlə ölkə Prezidenti ağdamlı qaçqın və köçkünlərə müraciət edərək, demişdir: “Əziz ağdamlılar, siz artıq qaçqın və köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz bu gün tarix yazırıq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir!”
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 min nəfərdir.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, rabitə cihazları, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri olmuşdur. İşğalçılar ikinci Qarabağ müharibəsinin son günlərinədək rayon ərazisindən tarixi-mədəni abidələri talan edərək bütün infrastrukturu məhv etmişlər. Belə ki, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşudbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş Ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilibdir.
Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcəkdir.
Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi də işğaldır.İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.
Bundan sonra, bu damğa ilə, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Orda repressiya baş alıb gedir. Ermənistanda gündə hansısa müxalifət lideri tamamilə əsassız həbs olunur. İnsan hüquqlarını qorumaqla məşğul olan təşkilatlar buna reaksiya vermir. Paşinyan da ki,məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur. Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var.
Sonda Ali Baş Komandan öz müraciətini bu sözlərlə bitirmişdir: “Ağdamın işğaldan azad edilməsi Azərbaycan Ordusunun şanlı hərbi qələbəsi nəticəsində mümkün olmuşdur. Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi