Kiçik qala, böyük arxa
Ağdam – ”Ruhlar şəhəri”, ”Qafqazın Xirosiması” niyə məhz bu adlar Ağdamı xatırladır?! Ağdam Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Bəzi mənbələrə görə, burada eramızdan əvvəl I minillikdə yaşayış olub. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Burada yaşayan türkdilli tayfalar özlərini müdafiə etmək üçün kiçik qalalar tikirmişlər.
Yalnız müharibə gülüstanı xarabazara, dirilərin şəhərini “Ruhlar şəhəri”nə çevirə bilər. Qarabağın çal-çağırlı, bağ-bağatlı, səs-sədalı bir ərazisi 1988-ci ildən düşmənlərimizin haqsız ərazi iddialarını yeritdikləri andan başlayan çirkin siyasi çəkişmələrinin 1993-cü ilin 23 iyulunda həyata keçirməsilə bitdi. Ermənilər Ağdam 27 ildən çox öz əsarəti altında saxlayıb darmadağın edərək xarabazara, “Ruhlar şəhərinə” çevirdi. Ağdamın hər evindən havalanan “Qarabağ şikəstəsi ” yarımcan oldu.
Ağdam rayonunda bir sıra qədim memarlıq abidələri mövcuddur. Şəhərin şimal-şərqində yerləşən Xındırıstan kəndindəki “Üzərliktəpə abidə”si, Xaçındərbənd kəndindəki “Qutlu Musa günbəzi”, Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, Papravənd kəndindəki “Xanoğlu türbəsi”, Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti, ”Şahbulaq qalası” və.s bu kimi tarixi abidələr Ağdamın qədim Azərbaycan torpağı olduğunu sübut edir. İşğal zamanı erməni qəsbkarları Ağdam rayonunda yerləşən muzeylərdən eksponantları da qarət edib aparmışlar.
Ağdam rayonunun ərazisi Kiçik Qafqazın və Kür-Araz ovalığının təmas zolağında yerləşir. Rayon ərazisindən Qarqar və Xaçın çayları axır. İqlimi əsasən mülayim-isti, quraq-subtropikdir.
Birinci Qarabağ müharibəsi zamanı ən çox şəhid verən rayonumuz Ağdamın payına düşür (təxminən 6500 nəfər). Şəhid milli qəhrəmanlarımız olan Allahverdi Bağırov, Şirin Mirzəyev, Asif Məhərrəmov, Yelmar Edilov, Əliabbas İsgəndərov, Faiq Ağayev və bu kimi mərd oğullarımız şəhadətə yüksəlmişlər. Ən çox şəhid verən şəhərimiz məhz Ağdam olduğu üçün 2010-cu ildə Əlcəzirə kanalı Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb. Ağdamın erməni vandalları tərəfindən maddi-mənəvi irsinin dağıdılması, hətta evlərin, binaların daşının sökülüb aparılması, viran edilməsinə görə 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdır.
Bütün bunlar artıq keçmişdə qaldı. Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində 30 ilə yaxın düşmən tapdağında inləyən Agdam işğaldan azad olundu. Cənab Prezidentin dediyi kimi, “Əziz ağdamlılar, Siz artıq köçkün deyilsiniz, Siz doğma dədə-baba torpaqlarınıza qayıdırsınız.”
Düşmənin zərbəsi, verdiyi ağrı-acılar, yaşatdığı faciələr nə qədər acı və dərin olsa da, son iki ayda qazandığımız nailiyyətlər - Qələbə bizə ümid verir. Bu ümid bütün işğal altında olan, indi isə azad olan ərazilərimizə, o cümlədən, Ağdam rayonuna qayıtmağımıza böyük zəmin yaratdı. Ağdam bizim üçün yenidən doğulmuş körpə kimidir. Biz yenidən bir yerdə ayaq üstə duracaq, inkişaf edəcək, rayonumuzun çiçəklənməsini öz gözlərimizlə şahidi olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gücün sayəsində bütün dünya bizim əsl sahib olduğumuzu görəcək.
Dönüşün mübarək, Ağdam! Ağdam Qarabağdır! Qarabağ Azərbaycandır!