İndi Ağdam üçün yeni dövr başlayır
Ulu öndərimizin “Mən İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən ümummilli liderimizin bu gün ruhu şaddır. Çünki canından artıq sevdiyi Azərbaycan torpağı şanlı Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin sayəsində yağı düşməndən təmizlənir.
Noyabrın 10-da imzalanmış üçtərəfli müqaviləyə əsasən mühüm strateji məntəqə olan Ağdam rayonu düşmən tapdağından azad olundu.
Prezident İlham Əliyev “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”- deyə onlara müraciət etmişdir.
Ağdam rayonu 1930- cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.
İşğal olunmuş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ağdam rayonu Dağlıq Qarabağla Aran Qarabağ arasında ən mühüm strateji məntəqədir. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 min nəfərdir.
Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar. Təsadüfi deyil ki, Ağdam rayonu müharibədə 6500- dən artıq şəhid verib. 16 Milli Qəhrəmanı var.
2010-cu ilin noyabrında ermənilər Ağdamın adını dəyişərək “Akna” qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.
Ağdam ağır yeyinti və yüngül sənaye, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi.
Rayon ərazisinin 1700 hektarı meşəlik, 913 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri var idi.
Prezident İlham Əliyev: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Azərbaycan Ordusunun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və qayğısı sayəsində işğaldan azad olunmuş bütün torpaqlarımız, o cümlədən Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq.
Prezident İlham Əliyev: “Azərbaycanın gücü mili birlikdədir”.
Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur.
Prezident öz çıxşılarında dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür.
Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi.
Azərbaycanın gücü milli birlikdədir. Məhz bu birliyin sayəsində torpaqlarımız işğaldan azad olur.