Azərbaycanın möhtəşəm tarixi qələbəsi – Kəlbəcər
Kəlbəcər – Azərbaycan xalqının tarixində 27 illik həsrət dağı, işğal edilmiş Vətən, torpaq itkisi. 1990-cı ildən başlayaraq xalqımızın başına gətirilən bəlalar, acılar, göz yaşları, qaçqınlıq damğası hər bir vətən övladının sağalmaz yarasına çevrilmişdi. O dövrün rəhbərlərinin səriştəsizliyi, “kreslo davası”, sapı özümüzdən olan baltalar Vətən torpağını mənfur düşmənə təslim etdi. Yenicə müstəqilliyini, suverenliyini qazanmış respublikamızın ən gözəl güşələri- cənnət diyarı Qarabağ torpağı işğalçı və terrorist düşmən tərəfindən özününküləşdirildi.
“Əgər Şuşa getsə, başıma güllə vuraram,” – deyən o dövrün müdafiə naziri Rəhim Qazıyev görəsən heç utandımı?
Mən bu ağrı-acının yaratdığı ağrılardan danışmaq istəmirəm. Çünki sinəmizə dağ çəkən Xocalı faciəsi, darmadağın edilmiş el-obamız, “Vətən, elim-obam”, – deyə-deyə dünyadan köçən ata-analarımızın həsrət ruhları, düşmən əlində əsir qalan qız-gəlinlərimizin başına gətirilən bəlalar, işgəncələr insana düşmənə necə dağ çəkməyin, ondan necə qisas almağın yollarını tapmağa yönəldir.
Biz bir Azərbaycan vətəndaşı, işğal olunmuş torpaqların nisgilli övladı kimi həmişə düşünmüşük: torpaqlarımızı kim mənfur düşməndən xilas etsə, Vətənimin hökmdarı odur. 27 ildir, elə bir gün olmayıb ki: ”Allahım, xalqıma kömək ol, liderimizə, Ali Baş Komandanımıza güc ver, düşmənin layiqli cavabını versin” – duaları dilimizdən düşsün.
Aprel, İyul hadisələri bizdə böyük qürur hissi, eyni zamanda daxili sarsıntı və sual yaratmışdı: “Gücümüz olduğu halda niyə irəli gedə bilmirik?” Amma bütün bunlarla yanaşı daxilimizdə bir rahatlıq, bir inam hökm sürürdü. Hər dəfə Milli Qəhrəmanımız Ramin Səfərovun ömürlük həbsini ləğv etdirən, onu Vətənimizə gətirən, düşmənə dağ çəkən Ali Baş Komandanımızın səbrinə, səriştəsinə inanaraq, daxili sakitlik tapırdıq. Ali Baş Komandanımızın sakitləşməsi, “Qarabağ Azərbaycandır!” – deməsi bü qələbəni yaxında olduğuna inamımızı artırırdı.
2020-ci ilin 27 sentyabrından hər bir kəs televizor qarşısından bir an belə ayrılmadı. Hər gün, hər an yeni xəbər gözləyirdik. Ulu Tanrının köməkliyi ilə Ali Baş Komandanımız – cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusu bizə bu xoşbəxtliyi bəxş etdi. 44 gün ərzində Ali Baş Komandanımız erməni havadarlarının göndərdiyi “jurnalistlərin” məkrli suallarını layiqincə cavablandırdı, onlara layiq olduqları yeri göstərdı və bir an belə olsun öz təmkinini itirmədi. Ölkə başçımızın hərtərəfli savada, biliyə, taktikaya malik olduğunu dinlədikcə qürurlanır, böyük fəxarət hissi keçirirdik və deyirdik: “Bu, bizim Prezidentimizdir, hər bir azərbaycanlının qəlbində özünə sevgi taxtı qurmuş, əbədilik qazanmış İlham Heydər oğlu Əliyevdir!”
Bir-birinin ardınca azad edilən rayonlarımızın qələbə sevincini Rəhbərimizin dilindən eşitməyə adət etmişdik. Nəhayət, 8 noyabr 2020-ci il tarixində Ali Baş Komandanımız Şuşa şəhərinin işğaldan azad olunması xəbərini verəndə sevincdən nitqimiz tutuldu. Bu hissləri dillə ifadə etmək çox çətindir.
İki gün sonra Ali Baş Komandanımız İlham Əliyev düşməni diz çökdürərək onu cavabsız məğlubiyyətə uğratdı. Tarixi sənəd imzalandı. Həmin sənədə əsasən, noyabrın 15-də Kəlbəcərin, 20-də Ağdamın, dekabrın 1-ə qədər isə Laçının döyüşsüz qaytarılmasına imza atmağa düşmən məcbur edildi.
Verilən bu vaxtlardan istifadə edən mənfur düşmən yaylaqlar diyarı, Qarabağın incisi, gözəl diyarımız Kəlbəcər və Laçını yandırmağa başladı. Bu şərəfsiz hərəkətləri ilə mənfur düşmən öz xislətini dünyaya bir daha bəyan etdi.
25 noyabr 2020-ci il saat 00:00-da Azərbaycanın rəşadətli Ordusu Kəlbəcər torpağına ayaq basdı. İndi Kəlbəcər sərhədlərində dövlətimizin üçrəngli bayrağı dalğalanır. İgid, qorxmaz, cəsur oğullarımız qanları, canları hesabına düşməni məhv etdi. Düşmənə öz yerini göstərdi.
25 noyabr 2020-ci il saat 12:00-da Ali Baş Komandanımızın xalqa müraciəti oldu. Bu müraciət digərlərindən fərqlənirdi. Ali Baş Komandan Kəlbəcər kimi bir diyarı düşmənə verən Birinci Qarabağ müharibəsinin səriştəsiz, savadsız rəhbərlərinin bağışlanılmaz səhvlərini onlara bəyan etdi. Onların kimliyini millətinə tanıtdı. Amma İlhamımızın üzündəki sevinc, nitqindəki qürur, xalqına olan sevgi hissləri düyünlənən yumruğunda, “Qarabağ Azərbaycandır!” – deyərkən dolan gözlərində görünürdü.
Əbədi liderimiz, Biz Sizi sevirik!
Qarabağ Azərbaycandır!