Kəlbəcər işğaldan azad edildi
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündən çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq yüzlərlə itki vermiş və mühasirədə olan 60 min kəlbəcərlinin təxliyəsinə nail olmuşlar.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
1993-cü ilin qiymətləndirilməsinə görə, işğal nəticəsində 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərdən 53.340 nəfər evlərindən didərgin salınmış, yüzlərlə dinc əhali öldürülmüş, əsir götürülmüş və itkin düşmüşdür.
Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib.
Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermişdir. Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmışdır. Silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir.
Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər siyasi yolla azad edildi.
Azərbaycan və Rusiya Prezidentləri, eyni zamanda Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.
Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
Kəlbəcər rayonu işğaldan azad olundu.
Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər doğma sakinlərinə qovuşur. Ermənistan bu rayona vurduğu ziyana görə hüquqi müstəvidə cavab verməli olacaq.
Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır.
XXI əsrin müharibəsini aparan Azərbaycan xalqı və Ali Baş Komandanı öz Müzəffər Ordusu ilə qalib gəldi.
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Qarabağ Azərbaycandır!