Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

28 noyabr 2020 | 16:00

25 noyabr 2020-ci ildə Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə daha bir tarix yazıldı. Tarixi yurdumuz, Azərbaycanın ayrılmaz hissəsi Kəlbəcər rayonu yadelli işğalından azad edildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münasibətlə bütün xalqımızı təbrik etdi. Prezident İlham Əliyevin qətiyyəti  hərbi qələbəni həm də siyasi qələbəyə çevirdi. Prezidentimizin diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən geri qaytarıldı.

Kəlbəcər vətənimizin ulu guşələrindən biridir. Erməni millətçiləri daim kəlbəcəri dünyaya erməni torpağı kimi tanıtmağa  çalışmışlar. Hələ ötən əsrin 70 ci illərində ümummilli lider Heydər Əliyevin Kəlbəcərə “Murov yolunu” çəkdirməsi Kəlbəcərin iqtisadi mövqeyini möhkəmləndirmiş, erməni millətçilərinin niyyətlərini puça çıxarmışdı.

Ali Baş Komandan İlham Əlivev öz çıxışında bildirmişdir: “Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir”.

27 ildən sonra Kəlbəcərin azad edilməsi orada yerləşən tariximizin bizə qayıtmasıdır. Kəlbəcər ərazisində yerləşən möhtəşəm tarixi abidələrimiz olan - Kəlbəcərin qayaüstü təsvirləri, Zar mağarası, “türk qəbiristanlığı” adı ilə tanınan qədim məzarlıqlar, Gəncəsər və Xudavəng monastırları, Tərtər çayının Bulanıq çayı qovşağında yerləşən Alban kilsəsi, Comərd kəndində Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Qanlıkənd kəndi ərazisində Lex qalası  və s. abidələrimiz azad olundu. Təəssüflər olsun ki, Kəlbəcərdə yerləşən bu tarixi abidələrimizin əksəriyyətini mənfur düşmənlərimiz  27 il ərzində saxtakarcasına dəyişdirib erməni abidələri kimi qələmə vermişlər. İşğaldan sonra abidələrin daşları üzərində olan yazılar dəyişdirilib, bu abidələrin bir çoxunun erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb.

Tarixi Qafqaz Albaniyasının məbəd və digər memarlıq abidələri erməni kitablarında "qədim erməni” mədəni irsi kimi qələmə verilmişdir. Bir neçə gün öncə Kəlbəcər ərazisində ermənilərin “tarix” istehsal edən sexləri belə aşkarlanmışdır. Həmin bu sex emalatxanalarında erməni ustaları ermənilər üçün “qədim erməni” tarixini yaradırlarmış. Ermənilər bir məsələni  unutmuşlar ki, “Yalan ayaq tutar, amma yeriməz”. Kəlbəcərin ən qədim dövrdən Azərbaycan torpağı olması həqiqəti bütün dünyaya məlumdur. Bu fakt tarix boyu Azərbaycanda  olmuş məşhur səyyahların əsərlərində də öz əksini tapmışdır.

Artıq Kəlbəcər azaddır. Azərbaycan haqq mübarizəsində qələbə çaldı. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

 
Məmmədova Aynurə Tahir qızı
61 nömrəli tam orta məktəbin müəllimi

 

Keçidlər