Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın - illərlə gözlədiyimiz o möhtəşəm gün

04 dekabr 2020 | 16:00

Təmiz havası, qalın meşələri, başı dumanlı dağları, min bir dərdə dərman olan buz kimi bulaqları ilə məşhur olan Qarabağın dilbər guşəsi olan Laçın. Təkcə təbiətinə, strateji əhəmiyyətinə görə də Laçın Azərbaycan üçün çox dəyərli idi.1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınan və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə adı qoyulan laçınlar yatağı Laçın. XVIII əsr Pənahəli xan – Cavanşirin sərkərdəsi Qara Murtuza bəyi, Sarı Aşığı, ADR-in ilk müdafiə naziri Xosrov bəy Sultanovu yetişdirən igidlər diyarı. Tarixi qədər təbiəti də zəngin olan Laçında dünyanın nadir 300-400 illik palıd ağacları vardır.

Nankor ermənilərin Azərbaycana təcavüzü başladıqdan sonra dalbadal, bir neçə ilin içərisində ən gözəl rayonlarımızı itirmək,faciələr yaşamaq məcburiyyətində qaldıq.Bu işğallardan biri də Qarabağ müharibəsinin taleyini əhəmiyyətli şəkildə dəyişən Laçın işğalı idi 18 may 1992-ci il Azərbaycanın bağrına qara hərflərlə yazılan o dəhşətli gün. Bu işğal Azərbaycan tarixinə, mədəniyyətinə vurulan ən ağır zərbələrdən biri oldu. Biz təkcə babalarımızın əmanəti olan o torpaqları itirmədik, onunla bərabər oradakı tarixi abidələrimizi, ermənilərin özününküləşdirmək istədiyi keçmişimizin canlı şahidlərini də itirdik.Bu abidələr hələ eramızdan əvvəl  I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx, Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə ediləbiləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

Hər il bayramlarda, xoş günlərdə gələn ili Qarabağda, işğal olunmuş torpaqlarımızda keçirək deyə arzulayırdıq. Özümüzə etiraf eləməsək də, bu arzunun gerçəkləşməsinə olan ümidlərimizin yavaş-yavaş sönməyə başladığı an içərimizdə bir qələbə qığılcımı alovlanmağa başladı. İllər boyu qurduğumuz xəyallar gerçəkliyə döndü. Hər şey o andan başladı. Sentyabrın 26-dan 27-nə keçən gecə odürəkli, odnəfəsli Azərbaycan əsgəri, Şanlı Ordumuz öz gücünü nəinki erməniyə, bizim gücümüzü heçə sayan, bizi zəif bilən bütün dünyaya göstərdi. Göstərdilər ki, torpağına canını qurban verənləri əzsələr də, əyə bilməzlər. Biz bir ölərik, min dirilərik.

Atalar boşuna deməyib ki, özgə atına minən tez düşər. Otuz ilə yaxın bir zaman. İllər çox tez, sürətlə keçdi. Bu ‘’tez’’in üstündən çox zaman keçməsinə baxmayaraq Azərbaycan xalqı,onun igid oğulları göstərdilər ki, illər bizi o torpaqlardan,yurd-yuvamızdan soyutmadı, uzaqlaşdırmadı,əksinə bizim içimizdəki vətən sevgisini, torpaq həsrətini, düşmənə nifrəti daha da alovlandırdı. Bu illər ərzində düşmənin törətdiyi təxribatlar bizim gözümüzü qorxutmadı, qələbə əzmimizi, qisas hissimizi bir az daha artırdı. Bu gün uşaqdan böyüyədək hər kəsin dilində yalnız bir şüar var ‘’Qarabağ bizimdir, bizim olacaq! Qarabağ Azərbaycandır!‘’

Və nəhayət, illərlə gözlədiyimiz o möhtəşəm günlər, xəbərlər gözü yolda qalanları, ürəyi vətən həsrəti ilə döyünənləri müjdələmək üçün tələsə-tələsə bir-birinin ardınca gəldi.Gözün aydın, ay Zəngilan,Cəbrayıl,Füzuli,Qubadlı! Siz azadsınız! Biz sizə qayıdırıq! 8 noyabr- II Qarabağ müharibəsinin müqəddəratını köklü şəkildə dəyişən o tarixi gün. Şəhidlər Xiyabanından, mərd oğul və qızlarımızın uyuduğu o müqəddəs ziyarətgahımızdan cənab Ali Baş Komandanın səsi ucaldı. ‘’ Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz sənə qayıdırıq‘’.

8 may tariximizə qara hərflərlə yazılmışdırsa, 8 noyabr tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı. Qələbəyə bir addım daha yaxınlaşdıq. 10 noyabr- Qələbə! Qələbə! Qələbə! Gecə saat üç. Bütün Azərbaycan bu zəfəri ayaqüstə qarşılayır. Gözlərdən yaş süzülür. Amma bu göz yaşları indiyə qədər axıtdığımız  göz yaşlarından fərqli idi. Bu sevinc göz yaşları idi. Bu günü bizə yaşadan Ali Baş Komandanımız, Azərbaycan əsgəri var olun! Ümid sənədir ancaq, Azərbaycan əsgəri, deyənləri naümid qoymadığınız üçün, alnımızdakı məğlub xalq damğasını silib qalib xalqa çevirdiyiniz üçün nə qədər təşəkkür etsək belə azdır. Bu qələbəni Siz bizə canınızla, qanınızla, həyatınızla qazandırdınız.

Döyüş meydanında müharibə bitsə də, diplomatiya sahəsində müharibə hələ də davam edirdi. Ali Baş Komandanımızın qətiyyəti və iradəsi sayəsində Ermənistanın bizim qoyduğumuz şərtlərlə razılaşmaqdan başqa əlacı qalmadı.İndiyə qədər özünü güclü, məğlubedilməz sayan ölkə başçısını Prezidentimiz məğlub masasında oturtduraraq  ona tarixi bir dərs verdi. Elə bir dərs ki, illər kecəcək, amma Ermənistan bu biabırçı  məğlubiyyətini, it kimi qovulmağını heç vaxt unutmayacaqdır.

Uzaqgörənliklə aparılmış bir siyasətin nəticəsi olaraq neçə-neçə ananın gözü yaşlı qalmasının qarşısı alındı. Ermənilərin “heç vaxt” dedikləri o şərtlərə indi yalvara-yalvara razılaşmaqdan başqa çarələri yox idi. Kapitulyasiyanın şərtlərinə görə erməni hərbçiləri müəyyən edilmiş cədvəllə Azərbaycan torpaqlarını tərk etməli idilər. Heç bir güllə atılmadan, qan axıdılmadan Kəlbəcər, Ağdam, Laçın özünün əsl sahiblərinə qaytarılmalı idi. Ayın 15-dən başlayan bu proses dekabrın 1-də Laçının qaytarılması ilə sona çatdı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca yeddinci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Düşmənin belini qıraraq hər kəsin hesablaşmalı olduğu yeni bir reallıq yaratdı.

Bir daha bütün dünyaya sübut etdik ki, vətən sevgisi bizdə beşikdən başlayıb qəbr evinə qədər davam edir.Və bu sevgini bizim içimizdən heç kim söküb ata bilməz! Türk özünə dönəndə məğlubedilməz olar. Bu zəfəri,bu sevinci bizə yaşatdığınız üçün, üçrəngli bayrağımızı Azərbaycanın tapdaq altında qalan hər qarışında ucaltdığınız üçün Var ol, Ali Baş Komandan! var ol, Vətən  oğlu!!

Keçidlər