Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın - zəfər tariximizin şanlı səhifəsi

03 dekabr 2020 | 16:00

Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Ərazisi 1.84 min km²-dir, işğaldan əvvəl əhalisi 65 430 nəfər olmuşdur. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir.

Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır.

Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.

XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy, XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov, Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov, Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri olmuş Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov Laçının tanınmış şəxsiyyətləridir.

Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdir. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının  adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi.

Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır.

Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır.

ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən etmişdir. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.

Artıq 28 ildir ki, Azərbaycanın bir sıra rayonları qəsbkar Ermənistanın işğalı altında idi və bu illər ərzində həmin rayonların öz doğma yurdundan didərgin düşən sakinləri hər cür çətinliklərə qatlaşaraq, bir gün öz torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyirdilər. Prezidentimiz, uzaqgörən siyasətçi İlham Əliyevin dediyi kimi Azərbaycan xalqının da səbri tükənməz deyildi. Nəhayət, həmin gün gəlib çatdı. Ermənistan ordusunun təxribatlarına cavab olaraq 27 sentyabr 2020 -ci ildə İkinci Qarabağ müharibəsi başladı. 44 günlük müharibə nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Şuşa şəhəri hərbi yolla işğaldan azad edildi. 8 Noyabr 2020-ci il şanlı tariximizə “Zəfər Günü” kimi yazıldı. Həmin gün Azərbaycan, Ermənistan və Rusiya dövlətləri arasında imzalanan üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın siyasi yolla, qan tökmədən, şəhid vermədən işğaldan azad edildi.

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bununla da Azərbaycan hökuməti Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərin azad edilməsini başa çatdırdı.

Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev hər zaman birmənalı olaraq Qarabağın qeyd-şərtsiz Azərbaycana qaytarılmasını müdafiə etmiş və uğurlu siyasəti nəticəsində bütün şərtlərin üstündən xətt çəkərək “Qarabağ Azərbaycandır!” şüarını səsləndirmişdir.

Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

Ölkə başçısının da qeyd etdiyi kimi, işğaldan azad olunmuş bütün rayonlarda, o cümlədən Laçında əhali üçün hər cür şərait yaradılacaq və infrastruktur bərpa olunacaqdır.

Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər