Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq
Dağlıq Qarabağla bağlı münaqişənin meydana gəlməsinin tarixi təhlili göstərir ki, bu məsələnin milli-etnik xarakteri o qədər də əsaslı deyil və hadisə daha çox böyük dövlətlərin siyasi və iqtisadi təsir vasitələrinin təzahür formalarından biridir. Dağlıq Qarabağ münaqişəsi əslində tarixi erməni məsələsinin tərkib hissəsidir və təxminən 200 illik siyasi tarixə malikdir. Əgər əvvəllər bu, Osmanlı imperiyasının zəiflədilməsi və içəridən dağıdılması məqsədilə həyata keçirilirdisə, tarixin sonrakı dönəmlərində yeni ərazilərə sahib olmaq, Qafqazın təbii qaynaqlarının yenidən bölüşdürülməsində təsir vasitələrindən biri kimi böyük dövlətlərin həyata keçirdikləri açıq və gizli dövlət tədbirlərinə çevrilmişdir. Mövcud tarixi sənədlər, hətta erməni təşkilatları liderlərinin xatirələri, kitab və məqalələr şəklində çap olunmuş faktlar da bunu sübut etməkdədir.
Dünyada baş verən müharibələrin tarixinə nəzər saldıqda qoşunların köçürülməsi və ya manevrlərində ən vacib elementlərdən biri kimi nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin daim ön planda olduğunu görürük. Ordu birləşmələrinin daşınması üçün təhlükəsiz yolların çəkilməsi və körpülərin salınması bəzən dövlətin, bəzən isə ordunun güc və vasitələrindən istifadə edilərək həyata keçirilir.
“Laçın dəhlizi”nin Qarabağda yerləşən ərazilərində hərbi manevrlərin və ya qoşunların yerdəyişməsinin həyata keçirilməsi üçün yeganə vasitə olduğunu nəzərə alsaq, bu dəhlizin erməni tərəfi üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu daha qabarıq təsəvvür edə bilərik.
Azərbaycana məxsus Qarabağın ciddi təbii resurs zənginliyinə malik olması və hərbi əməliyyatların, əsasən, bu ərazilərdə aparılması, bu dəhlizin hər iki münaqişə tərəfi üçün əhəmiyyətini daha da artırır.
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı.
Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.
Prezident İlham Əliyev: “Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir”.
Laçın “dəhlizi” həm də Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir. Laçın ərazisində hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət abidəsi, o çümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri, kurqanlar, at-qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. vardır.
Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.
Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri də bu mövqeyi dəstəkləyib.
Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır.
ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən etmişdir. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.
Prezident İlham Əliyev: “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı.
Eyni zamanda Prezident İlham Əliyev xalqa müraciətində deyib: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir".
Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.
Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.
Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.
Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür.
Prezident İlham Əliyev: “Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Laçın bizimdir! Qarabağ Azərbaycandır!"