Azərbaycan xalqı öz tarixinin ən parlaq səhifələrini yaşayır
Otuz ildir yurdumuzun cənnət bucağı olan Qarabağ mənfur erməni işğalçılarının tapdağı altında idi. Bir milyondan artıq yurddaşımız öz Vətənində qaçqın taleyini yaşamaq məcburiyyətində qalmışdı. Müharibədə minlərlə insan qətl edilmiş, itkin düşmüş, işgəncələrə məruz qalmış erməni vandalizminin qurbanı olmuşdur.
Azərbaycan xalqının müdrik, uzaqgörən siyasəti ilə rəqib tanımayan dövlət başçısı – Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz qaniçən düşməni öz dəmir yumruğu ilə məhv etdi. Bir-birinin ardınca azad edilən kəndlər, qəsəbələr, şəhərlər hər bir vətəndaşımızın əyilən qəddini dikəltdi. Xocalı faciəsindən, Şuşa məğlubiyyətindən sonra itirilmiş ləyaqətimizi geri qaytardı. 44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin döyüş əzmini, Azərbaycan vətəndaşının milli qeyrət hissini bütün dünyaya göstərdi.
“Dost dar gündə tanınar” deyiblər... Çətin məqamda qardaş Türkiyə dövlətinin maddi-mənəvi dəstəyi Azərbaycan əsgərinin gözünə işıq, dizinə təpər oldu. Həqiqətən də, türkün türkdən başqa dostu olmadığının bir daha şahidi olduq.
30 illik zaman kəsiyində aparılan danışıqlar, müzakirələr nəticəsiz qaldı. Dünyanın ədalət hayqıran haqq-hüquq müdafiəçiləri ən yaxşı halda susmağı üstün tutdular. Lakin vaxt-vədə yetişdi. Şairin dediyi kimi ”Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” hər kəsin dilində əzbər oldu. Mübarizə ruhu ilə yeri-göyü inlədən müzəffər Ordumuz dünyanın həllində aciz qaldığı problemi 44 gündə həll etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin, düşmənin havadarlarını yerindəcə susduran hərtərəfli biliyə malik yüksək sərkərdəlik qabiliyyəti dünyanı heyrətə gətirdi.
Həm siyasət, həm də döyüş meydanında Azərbaycan oğullarının “dəmir yumruğu” düşmənlərimizi məhv edərək “erməni mifi”ni darmadağın etdi.
10 dekabr Azadlıq meydanında Azərbaycan Ordusunun Zəfər Paradı keçirildi. Hər bir azərbaycanlı, uşaqdan böyüyə hər kəs bu paradı qəlbini dolduran fərəh, sevinc, qürur hissləriylə seyr etdi. Bəli, bu gün Qarabağ azaddır, Qarabağ Azərbaycandır! Bu gün bu torpaq uğrunda can vermiş minlərlə şəhidimizin narahat ruhları rahatlıq tapır. Zaman keçəcək, düşmənin xarabaya çevirdiyi yurd yerlərimiz yenidən canlanacaq. Şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq. Həyat öz isti nəfəsi ilə yenidən Qarabağı isidəcək. Bax o zaman Qarabağ təkcə Azərbaycanın deyil, dünyanın cənnət bucağı olacaq!
250 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini.