Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər paradı – tariximizin möhtəşəm səhifəsi

13 dekabr 2020 | 16:00

Xalqımızın çox keşməkeşli və şərəfli tarixi vardır. Bu tarixə nəzər saldıqca qəhrəmanlıq dolu səhifələr göz önündə canlanır.  Bununla yanaşı, Azərbaycan əsrlər boyu zəngin yeraltı və yerüstü sərvətlərinə, əlverişli coğrafi məkanda yerləşdiyinə görə çox işğalçıların, fatehlərin, sultanların diqqətini cəlb etmişdir.

Ermənilərin Qafqaza köçürülməsindən sonra tariximizdə qara səhifələr ard-arda düzüldü. Bədnam qonşularımızın törətdiyi saysız-hesabsız qətliamlar, soyqırımı, erməni təxribatları, əzəli torpaqlarımıza qarşı ərazi iddiaları bitmədi.

1990-cı illərin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal olundu. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşdü, yüzlərlə soydaşımız qətlə yetirildi, yaralandı, əsir düşdü və başına olmazın müsibətlər gətirildi.

Uzun illər ərzində hökumətimiz tərəfindən bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində səmərəli işlər aparılmış, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Bununla da, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.

Beynəlxalq təşkilatların Qarabağla bağlı qətnamələri təəssüf ki, kağız üzərində qalmış, Ermənistan hökuməti isə işğal olunmuş ərazilərdən çıxmaq əvəzinə, daha böyük ərazilər işğal etmək haqda fikirlər səsləndirir və təxribatlar törətməkdə davam edirdi. Bütün bunlar Qarabağın sülh yox, müharibə yolu ilə azad edilməsini qaçılmaz etdi.

44 gün davam edən İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını və Şuşa şəhərini hərbi yolla işğaldan azad etdi. 10 noyabrda bağlanan kapitulyasiyaya əsasən Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. Ermənistan ordusu və hərbi texnikası məhv edildi. Ermənistan ordusu həmçinin mənəvi məğlubiyyətə uğradı. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Qeyd etmək lazımdır ki, mənfur düşmən bu müharibədə öz murdar xislətini yenidən nümayiş etdirdi, döyüş meydanında geri çəkilib qisasını dinc əhalidən aldı. Gəncə, Bərdə və Tərtərdə yaşayan əhali ballistik raketlərlə, fosforlu, kasetli bombalarla atəşə tutuldu. 100-ə yaxın mülki vətəndaş həlak oldu. Bax budur, ermənilərin əsl xəyanətkar xisləti! Bu təxribatlar bizə yad deyil, çünki illərdir biz onların törətdiyi faciələri, qətliamları, soyqırımını dəhşətlə xatırlayırıq.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi və tariximizin növbəti qələbə səhifəsi yazıldı. Bizim bu qələbəmizdə qardaş Türkiyə hər zaman yanımızda oldu və bizi dəstəklədi.

Möhtəşəm qələbədən sonra 10 dekabr 2020-ci il Azadlıq meydanında Zəfər Paradı keçirildi. Paradı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev birgə izləyirdilər. Paradda 3000-dən artıq şəxsi heyət, 150-dək hərbi texnika, müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda həmçinin, Vətən müharibəsi zaman Azərbaycan Ordusunun darmadağın etdiyi və düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Bu paradı izləyən hər bir azərbaycanlı rəşadətli Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyevlə qürur duyur, çünki, hökumət, xalq və ordu birliyi bizim qələbəmizi şərtləndirən əsas üçlük oldu. Xalqımız 30 ilə yaxın idi ki, bu qələbəni gözləyirdi. Biz haqq uğrunda savaşırdıq, bizim olanı istəyirdik və bu qələbə bizim haqqımız idi. Azərbaycan əsgəri tarixi ədalətin zəfər çalması üçün vuruşurdu və sonda qələbə bizimlə oldu. Bu qələbəni bizə yaşadan 2783 şəhidimizin qarşısında baş əyirik. Zəfərin mübarək Azərbaycan!

 

Aygün İsmayılova,
70 nömrəli məktəb-liseyin müəllimi
Keçidlər