Bu gün hər bir vətəndaşımız qürur və fəxarət hissləri ilə yaşayır
Bəli, bu günlər hər bir vətəndaşımız qürur və fəxarət hissləri ilə yaşayır.
30 ildən artıq erməni işğalına və təcavüzünə məruz qalmış, mənfur düşmənin tapdağı altında inləyən cənnət Qarabağımız dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və cəsarətli komandanlığı, yenilməz və mətin Ordumuzun qəhrəman, vətənpərvər, qeyrətli əsgər və zabitlərinin şücaəti sayəsində işğaldan azad olundu!
30 illik ədalətsizliyə 44 gün ərzində tutarlı cavab verildi və son qoyuldu!
Yaşa qəhrəman xalqım! Var ol, doğma yurdum, candan əziz vətənim! Zəfərin mübarək Azərbaycanım! Sən sınmadın, əyilmədin, çünki bilirdin, əmin idin ki, övladların səni darda qoymayacaq! Suyunla, havanla, çörəyinlə böyüyən igidlərin yolunda canlarından, qanlarından belə keçəcəklər.
Azərbaycan xalqı səbirli, dözümlü olduğu qədər də mətindir, iradəlidir. Dövlət başçımız da, xalqımız da bu münaqişənin dinc yolla həlli üçün kifayət qədər təmkin nümayiş etdirsə də, düşmən tərəf bunu layiqincə dəyərləndirə bilmədi və təcavüzkar siyasətindən, təxribatlarından əl çəkmədi. Belə olan halda isə, hərb yolu qaçılmaz oldu.
Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrini gözləyən Müzəffər Ordumuz düşmən üzərinə şərəf və ləyaqətlə getdi, döyüş meydanına aslan kimi atıldı. 44 gün davam edən vətən müharibəsinin hər günü tariximizə şanlı səhifələr yazdı. Yüksək amallarla döyüşən əsgər və zabitlərimiz hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri düşmənlərdən azad etdi, yüksəkliklərdə misli görünməyən rəşadət göstərirdilər. Tarixi ədalətin bərqərar olması üçün inamla irəlilədi.
Düşmən ordusunda on min fərari olduğu halda, hörmətli dövlət başçımızın fəxrlə vurğuladığı kimi, Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Əksinə, ağır yaralanaraq, hospitallara yerləşdirilən əsgərlərimiz müalicələrini sona çatdırmadan yenidən döyüşlərə qatıldılar. Düşmən tərəfin hərbi texnikasını, silah-sursat anbarlarını, raket və hərbi qurğularını məhv etdilər, döyüş meydanında əfsanəvi qəhrəmanlıqlar göstərdilər.
Həmin günlərdə xalq dövlətimizin, Prezidentimizin ətrafında bir yumruq kimi birləşmişdi! Dəmir yumruq kimi! Biz yenilməz millət olaraq, gücümüzü, birliyimizi bütün dünyaya bəyan etdik və bu birlik öz nəticəsini verdi.
İndi cənnət Qarabağımızın dilbər guşələrində – Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Şuşada müqəddəs üçrəngli bayrağımız vüqarla dalğalanır.
Möhtəşəm qələbəmizin təntənəsi olaraq, dövlət başçımız cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il 10 dekabr tarixində Azadlıq Meydanında Zəfər paradı keçirildi.
Paradda 3000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər iştirak edirdi. Bununla yanaşı, müharibə zamani Azərbaycan Ordusunun darmadağın edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilirdi.
Müharibənin ilk günlərindən Azərbaycan xalqı hörmətli cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini hiss etmişdir ki, bu da öz növbəsində hər bir Azərbaycan vətəndaşını sevindirmiş, qürurlandırmışdır.
İndi artıq ölkəmiz üçün yeni quruculuq dövrü başlayır. Təcavüzkar düşmənin yerlə yeksan etdiyi, tarixi abidələr, məscidlər, məzarlıqlar və s. Dövlətimiz tərəfindən yenidən bərpa ediləcək. Hər zaman vətəndaşının yanında olan Azərbaycan dövləti bu yolda da inamlı addımlarını atacaq və mənəvi zənginliyini bir daha sübuta yetirəcək. Hər birimiz vətəndaş olaraq üzərimizə düşən vəzifələri dərk edəcək, dövlətimizi yekdilliklə dəstəkləyəcəyik. Bu, həm də bizə bu qələbəni, bu qürurlu hissləri yaşadan müqəddəs şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzdur.
Torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, əziz xatirələrini daim uca tuturuq və tutacağıq.
Döyüş zamani sağlamlıqlarını itirmiş qazilərimizə, yaralılarımıza şəfalar diləyirik.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!