Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün sevinc göz yaşlarımı silmək istəmirəm...

13 dekabr 2020 | 16:00

Bəzən elə məqam olur ki, insanın sinəsi həyəcanla dolur, ürəyi coşqunluqla çırpınır. Həmin məqamda gözəl sevinc duyğusu, böyük qürur hissi, xoş bir qəhər  gətirib səssiz axan göz yaşlarına səbəb olur. O məqamda göz yaşlarını silməyə insanın əli qalxmır.... Bu hissi Azərbaycanda demək olar ki, hamı yaşadı – noyabrın 10-da, Zəfər Paradı günündə...

SSRİ dövründə hamını məcburi olaraq parada aparırdılar. Lenin meydanında keçirilən hərbi paradların təntənəsini qəlbən hiss edə bilmirdik. Amma bu gün Azadlıq meydanında keçirilən parad zamanı qürurdan qəlbimiz dağa dönür, sevinc göz yaşlarımızı silmək istəmirik! Bu gün Azərbaycan Ordusu öz gücünü ədalətsiz dünyanın güc sahiblərinə göstərdi! Bu, kar-kor olmuş dünyaya ordu-xalq-hakimiyyət birliyi nümunəsinin nümayişi idi! Bu – müstəqil Azərbaycan dövlətinin haqq səsi idi! Bu – Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi idi!  Bu – vətən müqəddəsliyinin toxunulmaz olduğunu sübut edən 2783 şəhid ruhlarının sevinc harayı idi! Bu –Azərbaycan Silahlı Qüvvələrinin qürurla hayqırdığı Qələbə Marşı idi! Bu, ordusu, xalqı, iqtidarı, müxalifəti bir tam olan Azərbaycan idi! Bu tarixi qələbədə müharibənin ilk günündən öz dəstəyini açıq şəkildə bütün dünyaya bəyan edən qardaş Türkiyənin payı çox böyükdür. Cümhur başqanı Rəcəb Tayyib .Ərdoğanın bir neçə hökumət üzvləri ilə bizim sevincimizə şərik olmağa gəlmələri bizi çox qürurlandırdı. 44 günlük müharibə bütün dünyanın hərb tarixində analoqu olmayan yeni hərbi taktika yaratdı. Bu qələbə dünyanın müxtəlif güc sahiblərinə göstərdi ki, Azərbaycan öz halal vətən torpaqları uğrunda döyüşdü, erməni faşizminin işğalçılıq siyasəti ilə zəbt edilmiş, işğalçılar tərəfindən viranəyə çevrilmiş şəhər və kəndlərimiz uğrunda döyüşdü və haqqı olduğuna sahib çıxdı! Azərbaycan xalqı sübut etdi ki, məkrli siyasətçilərin 30 ildə həll edə bilmədikləri məsələni bu xalq 44 gün ərzində həll edə bildi!  Bu gün bütün dünya gördü ki, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevın dediyi kimi: “Qarabağ Azərbaycandır və nida!”

Bu qələbə Azərbaycan xalqını dəyişdirdi – bu xalq öz gücünü gördü,  bu xalq dəmir yumruq olmağı bacardı! Bundan sonra da xalq birliyi ilə işğaldan azad edilmiş torpaqlarımızı gülüstana döndərəcək və firavan yaşayacaq! Biz buna layiq olduğumuzu sübut etdik!

Erməni vandalizminin törətdiyi cinayətlər də yerdə qalmayacaq. Beynəlxalq məhkəmələr onlara layiq olduğu cəzanı verəcəkdir! Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin bundan sonrakı siyasi mübarizəsi sayəsində erməni cinayətkarları öz cəzalarına çatacaqlar!

Yaşasın Azərbaycan Ordusu!  Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!

QARABAĞ AZƏRBAYCANDIR!

Əliyev Nəriman Osman oğlu,
229 nömrəli tam orta məktəbin müəllimi 
 

 

Keçidlər