Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər paradı Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi

14 dekabr 2020 | 16:00

2020-ci il  dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində əldə edilmiş Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi. Zəfər bayramı münasibətilə keçiriliən paradda Ali Baş Komandan İlham Əliyevlə yanaşı, Vətən  Müharibəsində Azərbaycana maddi və mənəvi dəstəyini hər zaman hiss etdiyimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi bir daha “bir millət, iki dövlət” fikrini təsdiqlədi. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi və düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Ali Baş Komandan İlham Əliyev  paradda qeyd etdi ki, Azərbaycan  44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. Bundan əlavə, son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Xalqın səbr kasası doldu, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. 2020-ci ilin sentyabrında ermənilərin Tovuz istiqamətində hücum əməliyyatları, günahsız mülki əhaliyə hücumları artıq münaqişənin müharibə olmadan həll edilə bilməyəcəyimizi bir daha təsdiqlədi. Ali Baş Komandan hücum əmrini verdi. Rəşadətli Azərbaycan oğulları sevərək Vətən Müharibəsinə başladı. 44 günlük döyüşlərdə əsgərlərimiz ölümə meydan oxudu, qısa müddət ərzində düşmən darmadağın edildi.

Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçdik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tariximizə Zəfər Günü kimi daxil oldu. Zəfər paradında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fikrini Bəxtiyar Vahabzadənin misraları ilə  ifadə etməsi parada  xüsusi gözəllik qatdı.

Parada hərbi əməliyyatlarda şəhid olan 2783 Azərbaycan əsgərinin simvolik sayı qədər türk hərbçisi qatılması bir daha sübut etdi ki, Türkiyə Azərbaycan qardaşlığı nə iqtisadi, nə də siyasi maraqlardan irəli gəlmir, bu tarixin dərinliklərindən süzülən qardaşlığın təzahürüdür. Son hadisələr bir daha göstərdi ki dünyada heç bir dövlət bir-birinə bu qədər dərin bağlarla bağlana bilməmişdir. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

 

Vəli Hüseynli
61 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər