Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmişdir

17 dekabr 2020 | 16:00

Prezident İlham Əliyev: “Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyası vasitələrlə nail oldu”. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü  Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Dövlətimizin başçısının qəbulda etdiyi çıxış təkcə 44 günlük Vətən müharibəsinin deyil, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, eləcə də respublikamızın qələbəsini şərtləndirən amillərə, torpaqların işğalına son qoyulması nəticəsində regionda yaranan yeni reallıqlara və mövcud vəziyyətdə qarşıda duran vəzifələrə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçımızın çıxışında həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq-aydın və mövcud vəziyyətə adekvat mesajlar vardır. 

Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. ATƏT- in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılıb. Respublikamız danışıqlar prosesində daim yüksək fəallıq göstərib və konstruktiv mövqedən çıxış edib. Torpaq itkisinə məruz qalmasına baxmayaraq, 30 ilə yaxın bir dövrdə danışıqlar prosesində iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təsdiqləyir. Azərbaycan danışıqların formal aparılmasının əleyhinə idi. Ölkəmiz daim o mövqedən çıxış edirdi ki, ATƏT-in Minsk qrupu formatında sülh danışıqları substantiv nəticələrə hesablanmalıdır. Lakin münaqişənin yaranmasında bilavasitə günahkar olan Ermənistan fərqli mövqe sərgiləyərək işğal məhsulu olan status-kvonun sonsuzadək saxlanmasına çalışırdı. Anlaşılmaz məqam ondan ibarət idi ki, ATƏT-in Minsk qrupu işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında daim bərabərlik işarəsi qoyurdu. Biz son illərdə beynəlxalq birliyin hansısa bir dövlətin digər ölkənin sərhədlərini pozmasına, ərazisini işğal etməsinə sanksiyalarla müşayiət edilən çox operativ və kəskin münasibət bildirməsinin şahidi olmuşuq. Bəs zor tətbiq etməklə Azərbaycanın ərazisinin 20 faizini öz nəzarəti altına alan Ermənistan nə üçün belə sanksiyalardan kənarda qalmalı idi? Haqlı sual yaranır: “Niyə Ermənistana 30 il ərzində işğalçılıq siyasətini davam etdirdiyinə görə “gözün üstündə qaşın var”, – deyən tapılmadı və təcavüzkar dövlət cəzalandırılmadı? Məgər bunu etməyə beynəlxalq təşkilatların, o cümlədən də müvafiq mandat verilən ATƏT-in Minsk qrupunun gücümü çatmadı?” Yox! Sadəcə, ortada istək, siyasi iradə yox idi. Açıq-aydın hiss olunurdu ki, müəyyən qüvvələr özünü ərköyün uşaq timsalında aparan Ermənistanın başını sığallayırlar. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, uzun illər ərzində münaqişə həll olunmurdu. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bu münaqişəni hərbi- siyasi vasitələrlə həll etdi. “Hərbi variant yoxdur“, – deyənlərin indi özləri də anlayırlar ki, münaqişənin hərbi yolla həlli var idi. Sadəcə, müəyyən qüvvələr mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

Belə görünür ki, beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycan xalqının iradəsinə yaxşı bələd olmayıblar. ATƏT-in Minsk qrupunun həmsədrlərindən fərqli olaraq, Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadi. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına həmişə inandı və qələbəmizi addım- addım yaxınlaşdırdı.

Azərbaycan Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Azərbaycan 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, təcavüzkar dövlətə təsir və təzyiq göstərilməsi, işğala son qoyulmasi üçün əməli fəaliyyət gözlədi. Amma bunların heç biri baş vermədi. Azərbaycan 30 il ərzində həllini tapmayan Dağlıq  Qarabağ münaqişəsini öz gücü hesabına, hərbi-siyasi yolla həll etdi. “Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər.

Azərbaycanın müzəffər Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi birləşmələrinə sarsıdıcı zərbələr vuraraq düşməni diz çökdürdü. Döyüş meydanında acizliyini görən düşmən onun üçün kapitulyasiya hesab olunan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Ermənistan ordusu tamam darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!

Ümumiyyətlə, 44 günlük müharibə Azərbaycanla Ermənistan arasında fərqi bütün cəhətləri ilə ortaya qoydu. Azərbaycan rəhbərliyi öz xalqı və beynəlxalq ictimaiyyətlə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb. Müharibə dövründə Azərbaycan xalqı bütün məsələlər barədə daim ətraflı məlumatlandırılırdı. Azərbaycan Ermənistanın təxribatlarına əzəli torpaqlarını öz gücü ilə işğaldan tam azad etməklə cavab verdi. Prezident İlham Əliyev öz sözünü tutdu. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti öz gücü, qüvvəsi, ordusu, Azərbaycan Respublikasının Prezidenti, xalqın birliyi nəticəsində Qarabağ torpağını düşmənlərdən azad etdi. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, müstəqil dövlətimizin inkişafı etibarli əllərdədir. Hal-hazırda Qarabağa yollar çəkilir, o torpağın çiçəklənməsi uzaqda deyil. Prezidentimiz başda olmaqla bütün Azərbaycan xalqı bu torpaqlarda artıq yenidənqurma işlərinə başlayıb.

Keçidlər