Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi

17 dekabr 2020 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşdəki çıxışı son günlər sosial şəbəkələrdə geniş müzakirə edilir. Həmsədrlər üç onillik boyunca, demək olar, faydasız səfərlərinə haqq qazandırmaq üçün hər hansı cəhd göstərməyin belə yararsız olduğunu anındaca qəbul etdilər. Minsk qrupu əvvəl-axır rəsmən buraxılacaq, həmsədr ölkələri təmsil edən diplomatlar xidmətdən uzaqlaşacaqlar. Amma bu qrupun diplomatiya tarixinin ən uzun, müddətli və uğursuz missiyalarından biri kimi tarixə düşəcəyi şəksizdir. Bizim Qarabağda aldığımız yaralar sağalacaq, şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilahi ədalətin mühakiməsindən iki dünyada qurtulmaq şansı olmayacaqdır. 

Dövlətimizin başçısı haqlı olaraq Minsk qrupunun işinə öz iradlarını həmişə bildirib, budəfəki münasibəti də istisna təşkil etmədi. Cənab Prezident çıxışını bu sözlərlə bitirdi: “Bununla, mən sözlərimi yekunlaşdırıram ki,  sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki,  Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz, buyurun, sizi dinləyirəm.”

Biz dünyanın üç böyük ölkəsinin həmsədr sifəti ilə 28 ilə həll edə bilmədiyi işi 44 gün içində həll etdik. Buna Azərbaycanın “Dəmir yumruğu” deyərlər.

Bölgədə yeni reallıqlar yaranıb. Bəli,  məhz yeni reallıqlar – işğalçı ölkə tarixi zərbəsini alıb. Onun qalib ədası sıfırlanıb. Həmsədr ölkələrin liderləri “münaqişənin hərbi həlli yoxdur” iddiasında israr etsələr də, Azərbaycan mövcud hərbi siyası vasitələrlə həll yolunun alternativlərin ən yaxşısı olduğunu sübut etdi. Status-kvo Azərbaycan Ali Baş Komandanının iradəsi ilə, məhz hərbi-siyasi yolla, xalqımızın həmrəyliyi, dövlət-xalq birliyi və əlbəttə, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilib. Biz deyəndə ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına hörmət edin, siyasi lallıq, korluq və karlıqdan başqa bir “cavab” görmədik. Biz vurğulayanda ki, Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası onlar üçün vacib olmalıdır, diplomatik susqunluqdan başqa bir “cavab” görmədik. Deyəndə ki, beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana ciddi sanksiyalar tətbiq edə bilər, ən azı, Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə çağıra bilər, ancaq siyasi kələf gördük, min bir aldatmaca ilə qarşılaşdıq. “Heç olmazsa, işğalçı nəzarət etdiyi ərazilərin kiçik hissəsindən çıxsın, bu da danışıqlar yoluna inamı gücləndirsin”, ancaq cavab həmişə bir heçə bərabər oldu. 

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”.  Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır.

Belə bir məşhur deyim var: “Qalibləri mühakimə etmirlər”. 

Biz qalibik! Biz öz qalib mövqeyimizdə belə mühakimədən daha çox mükaliməyə üstünlük veririk. Biz əsl qalib duruşu ilə saxta qalib ədasının fərqini nümayiş etdiririk. Biz Azərbaycanıq!

Keçidlər