Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
Müstəqilliyimizi əldə etdiyimiz gündən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ilk atılan addımlar beynəlxalq arenaya inteqrasiya, neft, qeyri-neft sektorunun, iqtisadiyyatın inkişafı olmuşdur. Ölkəmizdə, xüsusilə sosial-iqtisadi sahədə, icra edilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır.
Dünya Bankı ilə Azərbaycan Respublikası 1992-ci ildən əməkdaşlıq edir. Lakin bu münasibətlər 1995-ci ilin 14 sentyabrında qurumun vitse-prezidenti Vilfrid Talvitsin Bakıya səfərindən sonra daha da genişlənməyə başlayıb. Azərbaycan “Doing Business 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenous öz sosial şəbəkə hesabında bu barədə məlumat paylaşaraq, bunu Azərbaycanın uğuru adlandırıb. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib: “Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir.
27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir.
Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.
Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə etmişdir.
Qeyd edək ki, müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib.
Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etmişdir.
Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcəkdir.