Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Bankı tərəfindən ölkəmizdəki iqtisadi inkişaf tempinin ədalətli qiymətləndirilməsi

19 dekabr 2020 | 16:00

Sevindirici haldır ki, Dünya Bankının ölkələrdəki işgüzar mühiti qiymətləndirən mötəbər hesabatına əsasən, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur. Belə ki, Azərbaycan Doing Business İndeksi üzrə 2020-ci il hesabatında mövqeyini 6 pillə yaxşılaşdırmış və beləliklə 191 ölkə arasında 28-ci pilləyə yüksəlmişdir. Beynəlxalq investisiyaların təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən  hesabat, 10 göstərici – sahibkarlıq subyektinin qeydə alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, mülkiyyətin qeydiyyata alınması, tikinti sektorunda icazələrin verilməsi, kreditlərin verilməsi, sərhəddə ticarət, minoritar investorların müdafiəsinin gücləndirilməsi, müqavilələrin icrasına təminat, müflisolma hallarının aradan qaldırılması – əsasında ölkələrdəki işgüzar mühiti qiymətləndirir.

Qeyd edək ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı vurğulanmışdır. Qəbul edilmiş qərara uyğun olaraq, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, Azərbaycanda 3 istiqamətdə “elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə aparılmış islahatların “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi aşkar edilmişdir.

Ölkəmizdəki iqtisadi inkişaf tempinə adekvat olaraq, əmlak qeydiyyatı prosesinin sadələşdirilməsi və şəffaflığının artırılması, kreditə çıxışın genişləndirilməsi, minoritar investorların müdafiəsinin gücləndirilməsi, elektron sistemin tətbiqi ilə müqavilələrin icrası prosedurunun sadələşdirilməsi istiqamətləri üzrə əhəmiyyətli müsbət dəyişiklik müşahidə olunmuşdur. Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir.

Azərbaycanın iqtisadi siyasət sahəsindəki bəzi məcburi hərəkətləri Dünya Bankı tərəfindən mənfi qiymətləndirilir. Ən vacibi də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmamasıdır.

Azərbaycan hökuməti isə bu addımı yerli istehsalçıları qorumaq üçün etdiyini bəyan edir. Çox güman ki işğaldan azad olunan ərazilərimizin bərpası və orada kiçik və orta biznesi stimullaşdırmaq məqsədi ilə bu siyasət davam edəcək.

Bir daha qeyd edək ki, ölkəmizin dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olması ölkəmizdə geniş vüsət almış islahatların, dinamik iqtisadi inkişafın təcəssümü, tərəqqinin təntənəsidir.

Keçidlər