Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədə həyata keçirilən islahatların məntiqi nəticəsi

19 dekabr 2020 | 16:00

“Doing Business 2020” hesabatında Azərbaycanın dünyanın ən islahatçı on ölkədən biri seçilməsi - ölkədə həyata keçirilən islahatların məntiqi nəticəsidir.

Hakimiyyətə gəldiyi ilk gündən ölkə başçısı cənab İlham Əliyevin həyata keçirtdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən qurumların diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir. Bu mühüm qurumlardan biridə Dünya Bankıdır. Belə ki, bu mühüm beynəlxalq qurumun illik “Doing Business” hesabatındakı ölkələrin mövqeyi onların iqtisadiyyatının inkişafı haqqında mühüm göstərici hesab olunur. Bu göstəricilər ölkənin dünyadakı nüfuzuna böyük təsir göstərir desək  yanılmarıq. Keçən illərdə olduğu kimi bu il də Dünya Bankının “Doing Business 2020” hesabatı xüsusi diqqət çəkir. Qeyd edim ki, bu il aparılmış hesabat digər illər aparılmış hesabatlardan fərqlənir.

Xatırladaq ki, 2020-ci il avqust ayının 27-də Dünya Bankı tərəfindən yayımlanan press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin “Doing Business 2020” hesabatındakı məlumatlarının emalı zamanı uyğunsuzluq aşkarlanmış və nəticədə bu uyğunsuzluqların aradan qaldırılması üçün müstəqil araşdırma aparılacağı qeyd olunmuşdu. Araşdırılmalar zamanı Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların düzgün qiymətləndirilmədiyi məlum olmuşdur. Aparılan düzəlişlər nəticəsində Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artmışdır. Qeyd edilir ki, Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görüləcəkdir. Nəticədə ölkəmizin qlobal reytinq sıralarında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Beləliklə ,ölkəmiz dünyanın ‘‘Ən islahatçı on ölkəsi’’ sırasındakı mövqeyini qoruyub saxlamışdır. Bütün bunlar isə bir daha təsdiq edir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Eyni zamanda, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib, nəticədə ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. 

Bu irəliləyişləri  keçən illərdə olan hesabatlara diqqətlə nəzər yetirsək aydın görə bilərik. Azərbaycanın “Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə  tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlib. 2013-cü ildə Azərbaycan 185 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Dünya maliyyə böhranının davam etdiyi 2014-cü il Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında 70-ci yerdə olub. 2017-ci ildə isə Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business” hesabatında 65-ci pillədə qərarlaşmışdı. Bir il sonrakı hesabatda 8 pillə yüksələrək 57-ci yerə qalxıb. Bu hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Xüsusilə vurğulamağa dəyər ki, həmin hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilmişdi. Bir il sonra “Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu hesabatlarda 4 il müddətində Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu, islahatların aparılması istiqamətləri üzrə inkişaf tempi aydın ifadə edilib. Əgər 2017-ci ildən 2018-ci ilə irəliləyiş 8 pillə olubsa, 2018-ci ildən 2019-cu ilə 32 pillə təşkil edib. 2019-cu ildən 2020-ci ilə isə ölkəmizin bu hesabatda daha 6 pillə irəliləməsi   ölkədə siyasətin düzgün aparılmasının bariz nümunəsidir. Azərbaycanın apardığı siyasət, ardıcıl və məqsədyönlü xarakter daşıyan islahatlar beynəlxalq ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların diqqətindən yayınmır. Ölkəmizdə xüsusilə sosial-iqtisadi sahədə icra edilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır.

2020-ci il ölkəmiz üçün daha da əhəmiyyətli bir hadisə - Qarabağ müharibəsində qazandığımız qələbə ilə yadda qaldı. Ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizin başçılığı ilə Silahlı Qüvvələrimizin əldə etdiyi bu qələbə bizim iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edəcək. Nəticədə inanıram ki, gələn il Dünya Bankının “Doing Business 2021” hesabatında bizim mövqeyimiz daha da irəliləyəcək.

          Hüseynova Könül Nəbi qızı
61 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər