Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir
Yeni metodologiya ilə hazırlanan “Qlobal Rəqabətlilik Hesabatı – 2019” hesabatında Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. “Doing Business 2020” hesabatında isə ölkəmiz 78,5 balla qiymətləndirilərək, 191 ölkə arasında 34-dən 28-ci pilləyə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilib.
Dünyanın ən böyük beyin mərkəzlərindən biri olan Heritage Foundation tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Azərbaycan bu ilki hesabatda Asiya-Sakit Okean regionu ölkələri sırasından çıxarılaraq Avropa regionuna daxil edilib, iqtisadi azadlıq dərəcəsinə görə, dünya üzrə orta göstəricidən (61.6) yuxarı, regional göstəricidən isə cəmi 0,5 balla geri nəticə göstərib. Həmçinin İqtisadi Azadlıq İndeksi 2020-ci il üzrə Avropa regionunda 45 ölkə arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən ölkələr arasında birinci yerdədir. Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Polşa, Belçika, İspaniya, Fransa, Türkiyə, İtaliya və bu kimi ölkələrlə müqayisədə ön sıralarda yer tutub. Məlumdur ki, iqtisadi azadlığın inkişafı ilə insan kapitalının inkişafı arasında sıx əlaqə mövcuddur və Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə ən çox irəliləyən 11 ölkə sırasındadır. Bu yüksəlişə isə əsas etibarilə biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq indikatorlarındakı inkişafla nail olunub. Ölkənin mövqeyinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, kompleks və köklü iqtisadi islahatlara verilən beynəlxalq qiymətdir.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır. Dövlətin indiki çətin dövrdə də öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verdi. Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatların qurulmasına başladı. 82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Beləliklə, pandemiya ilə əlaqədar təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.
Şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı.
Məlumat üçün bildiririk ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən Müharibəsi Qəhrəmanlarının sosial müdafiəsi də cənab Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək.
Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.