Tükənməyən mədəni irsimiz, milli dəyərlərimiz
Azərbaycan xalqı dünyanın mədəni xəzinəsinə öz töhfəsini vermiş nadir ölkələrdəndir. Hələ qədim dövrlərdən xalqımızın incəsənətin əksər sahələrinə aid yaratdığı dəyərli nümunələr bu gün də bütün dünyada tanınır və sevilir. Çoxəsrlik poeziya tariximiz, memarlıq abidələrimiz, sənətkarlığı ilə seçilən tətbiqi sənət nümunələrimiz xalqımızın tükənməz istedadından xəbər verir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli-mədəni dəyərlərimiz olmuşdur.
Azərbaycan dili dünya dilləri arasında zənginliyi, musiqililiyi, ecazkarlığı ilə seçilir. Dilimiz bizim mədəniyyətimizi, tariximizi əks etdirən abidədir. Azərbaycan dilinin qorunması ondan istifadə edən cəmiyyətin hər bir üzvündən asılıdır. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcə də telekanalların da bu sahədə daha məsuliyyətli olmasını vacib edir. Ümummilli liderimiz Heydər Əliyev çox gözəl nitqə malik olmaqla yanaşı, həmişə öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışlar edir və dilimizin tətbiqi işi ilə bağlı müxtəlif fərmanlar imzalayırdı. Onun təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur.
Bu gün hər bir azərbaycanlı çalışmalıdır ki, Azərbaycan dilinin emosionallığından, fikri ifadə çalarlarından ən gözəl şəkildə istifadə etsin, yararlansın və öz nitqində dilimizin qrammatik normalarına ciddi şəkildə əməl etsin.
Respublikamızın demək olar ki, hər bir guşəsində tariximizin canlı şahidi olan yüzlərlə maddi-mədəni abidələr vardır. Son illərdə bu abidələrə dövlət qayğısı artırılmış, onlar əsaslı şəkildə təmir olunmuş və beynəlxalq aləmdə tanınması üçün geniş təbliğat işləri aparılmışdır.
BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış qurumu olan UNESCO-nun Maddi-mədəni irs siyahısına tarixi abidələrimizdən Şirvanşahlar sarayı və Qız qalası daxil edilmişdir. Bu gün baxımsız vəziyyətdə olan abidələrimiz də təəssüf ki mövcuddur. Təkrarsız maddi-mədəni abidələrimizin qorunması və təbliği üçün bu sahədə işlər uğurla davam etdirilməlidir.
Müasir dövrdə tikilən Heydər Əliyev Mərkəzi və Alov qüllələri Bakı şəhərinin tarixi görünüşünə əsrarəngiz müasirlik çalarları əlavə etmişdir. Eyni zamanda, bölgələrimizdə də müasir memarlıq abidələrinin sayı getdikcə artır.
Qeyri-maddi mədəni nümunələrimiz də dünyada öz unikallığı ilə seçilir. Muğamımız, aşıq sənəti, milli bayramlarımız, xalq oyunları və folklorumuz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan ədəbiyyatına, incəsənətinə yüzlərlə görkəmli şəxsiyyətləri bəxş edən Qarabağımıza qovuşduq. Bundan sonra, azad edilən rayonlarımızda böyük quruculuq işlərinin aparılması və müasir memarlıq abidələrinin tikilməsi qarşıda duran əsas vəzifələrdəndir. Prezidentimizin dediyi kimi mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri yenidən dirçəlməli və mədəniyyət paytaxtı olmalıdır.
2021-ci ilin Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi ili” elan olunması da bu ilin mədəniyyət tariximizdə çox həlledici, önəmli bir il olacağını göstərir.
Azərbaycan xalqı hər zaman başqa xalqların mədəniyyətinə yüksək hörmət və ehtiramla yanaşmış,ölkəmizdə multikulturalizmin inkişafı üçün digər xalqların nümayəndələrinə həmişə dəstək olmuşdur.