Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəni irsimizi qorumalıyıq!

07 yanvar 2021 | 16:00

Bu gün Azərbaycan dövlətinin Vətən müharibəsində qazandığı qələbə onun qarşısında böyük planların və həyata keçirəcək abadlıq işlərinin durduğunu göstərir. Bu məqsədlər eyni zamanda mədəniyyətimizə də təbii ki, xidmət edəcəkdir.

Mədəniyyət dedikdə, çox sahələr nəzərdə tutulur. Bunlardan ən vacibi xalqın dilidir. Belə bir deyim var: ”Əgər bir milləti məhv etmək istəyirsənsə, onun ilk növbədə dilini əlindən al”. Hələ eramızdan əvvələ gedən yazı mədəniyyətimiz bu gün dilimizin və əlifbamızın nə qədər qədim və zənginliyindən xəbər verir. Əlbəttə, ulu babalarımız oğuzlardan bu günə qədər gəlib çatan dilimizi qorumaq da bizim ən ümdə vəzifələrimizdən biri olmalıdır. Onu yad təsirlərdən mühafizə etməli və gələcək nəsillərə düzgün formada çatdırmalıyıq.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə avqustun 1-i Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur. Bu belə də olmalı idi. Çünki böyük xalqın böyük və zəngin də dili olmalıdır. Dünyada yaşayan 50 milyonluq xalq da məhz bu yolda xidmət göstərməlidir.

Digər bir mədəni abidəmiz dedikdə qürurla UNESKO-nun dünya irsi siyahısına düşmüş muğamımızı qeyd etməliyik. Düzdür, bu janr bir neçə ölkədə olsa da, muğam mərkəzinin məhz Azərbaycan olması qürurvericidir. Neçə illərdir işğal altında qalan yurd yerimiz Şuşa deyəndə ilk ağıla gələn də muğam olur. Çox şükür ki, muğamımız da öz Şuşasına qovuşdu.

Qeyd etdiyimiz kimi, Azərbaycan qədim tarixə malik bir ölkədir. O cümlədən də ərazisində olan abidələr də buna bariz sübutdur. Bu isə düşmənə sərf etməyən bir faktdır. Əgər bu diyarın tarixi eramızdan əvvəl yaranmış Qafqaz Albaniyasına qədər gedib çıxırsa, erməni “dövlət”inin yaranması cəmi iki əsr bundan qabaq məhz bizdən alınıb onlara verilən torpaq üzərində qurulmuş bir dövlətdir. Belə olan halda da, xain düşmənin  gözü ancaq tariximizi  silməyə, mədəniyyətimizi özününküləşdirməyə çalışmışdır.

Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşudbanu Natəvanın ev muzeyi ,Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə digər tarixi abidələr dağıdılmışdır. Eyni zamanda, Xudafərin körpüsü yararsız hala salınmışdır.

Erməni işğalçıları tərəfindən talan edilmiş rayon muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar xüsusi qəddarlıqla məhv edilmişdir.

Əsirlikdən azad olunmuş bu kimi abidələrimiz sözsüz ki, dövlətimiz tərəfindən bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılacaqdır. Necə ki, bu vaxta qədər bir çox tarixi və memarlıq abidələrimiz təmir olunaraq xalqın ixtiyarına verilir və dünyada tanıdılır. Bu baxımdan “Şirvanşahlar” sarayı, ”Qız qalası” kimi abidələrimiz UNESKO-nun dünya mədəniyyəti irsi siyahısına salınmışdır.

Tarixi abidələrimizdən əlavə, eyni zamanda ölkəmizdə yüksək səviyyədə aparılan quruculuq işləri şəhərlərimizin daim inkişafına və çiçəklənməsinə bir vasitədir.

28 ildən çox yolunu gözlədiyimiz Qarabağımızda da belə abadlıq işləri çox yaxın zamanda həyata keçirilmişdir.

Prezidentimizin Füzuli şəhərində beynəlxalq aeroportun tikilməsi ilə bağlı qərarı buna gözəl nümunədir. Bu da xarici qonaqların və turistlərin Şuşa, Kəlbəcər, Laçın kimi dilbər guşələri ziyarət etmələrini asanlaşdıracaq. Hələ müharibə bitməmiş Suqovuşana avtomobil yolunun çəkilməyə başlaması xalqımızın bu günləri necə həsrətlə gözləməsindən xəbər verir.

Ümumiyyətlə belə qənaətə gəlmək olar ki, Azərbaycana və onun milli-mənəvi sərvətinə ziyan vurmaq istəyən, məscid dağıdan düşmən əməlləri əslində islam dünyasına deyil, bəşəriyyətə qarşı bir cinayət idi. Ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqları, həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirdilər. Amma bunu bacarmadılar!

Üstəlik bu əməlləri törədən düşmən, nədənsə, beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmadı. Əgər tarixə vurulan zərbə bəşəriyyətə vurulan ziyandırsa, niyə bu təşkilatlar susur?! Bu riyakarlıq bağışlanılmazdır!

Biz bir tolerant ölkə kimi onların kilsəsini qoruduq, erməni xalqı ilə heç bir işimiz olmadı. Bundan sonra, onlar da bizim ərazimizdə bizim qayda-qanunlarımıza əməl edəcəklərsə, bir Azərbaycan vətəndaşı kimi bu dəyərlərin qiymətini biləcəklərsə, o zaman bu torpaqlarda yaşayacaqlar. Əks halda yox!!!

 

Elnarə Nəsrullayeva
210 №-li tam orta məktəbin müəllimi
Keçidlər