Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətin mədəniyyət siyasətində yeni strateji prioritetləri

08 yanvar 2021 | 16:00

Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub.

Müstəqil dövlətin mədəni sahədə apardığı siyasəti biz  hələ XX əsrin əvvəllərində AXC-nin iki illik qısa müddətli tarixi dövründə aydın şəkildə şahidi olduq, məhz bu dövrdə Azərbaycan(Türk) dilinin dövlət dili olması, icbari ibtidai təhsilin həyata keçirilməsi və Azərbaycanın ilk ali təhsil müəssisəsinin bu dövrdə açılması mədəniyyətin dövlət siyasətində nə qədər önəmli olduğunu bir da təsdiqləyir.

Sovet hakimiyyəti dövründə bütün repressiya və qadağalara baxmayaraq, mədəni sahədə aparılan işlərin nəticəsində xalqımız bir millət kimi məhv olmaqdan qurtula bilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1978-ci il Konstitusiyasına dil haqqında maddənin əlavə etməsi xalqımızın gələcək mədəni həyatına böyük təsiri olmuşdur.

Müstəqillik illərində Dövlətin mədəniyyət siyasətində yeni strateji prioritetləri ortaya qoyuldu, dilimizin qorunması üçün önəmli addımlar atıldı. Ümummilli lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummilli liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i “Azərbaycan Əlifbası və Dili Günü” kimi qeyd olunur. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Bu işdə 2001-ci ildən başlayaraq keçirilən Dünya Azərbaycanlılarının qurultaylarının böyük təsiri olmuşdur. Dünya Azərbaycanlılarının ilk qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.

Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Bu qurultay Azərbaycan diasporunun inkişafına böyük töhfələr vermişdir.

Milli-mədəni irs nümunələrinin tanıdılması məsələsi həm daxildə, həm də xaricdə uğurla davam etdirildi. UNESCO ilə əməkdaşlıq  gücləndirilmiş, ulu öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılmış, Xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyət nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyi təsis edilmiş, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Azərbaycan Muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır.

Sovet dövründə məhv edilmiş məscidlərimiz qapılarını  öz ziyarətçilərinə açmışdır. Ümummilli liderin təşəbbüsü ilə yüzlərlə məscid tikilmiş və ya təmir edilmişdir. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi  yenidən qurulmuşdur. Ölkə başçısı  bu işlərin layiqincə davam etdirir. Mənəvi dəyərlərimizə dövlət səviyyəsində qayğı və ehtiramı iş]aldan azad edilmiş Ağdam məscidini ziyarəti zamanı ölkə  Prezidenti və Birinci vitse-Prezident bir daha xalqa nümayiş etdirdi. Bu ziyarət dünya media məkanında da maraqla qarşılanmışdır.

Azərbaycanda dini tolerantlıq qorunmuş, xristian dininə mənsub olan abidələr – alban kilsələri, Kiş kilsəsi qorunub saxlanılmışdır. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarıldı.

Hind tacirləri tərəfindən tikilən Suraxanı atəşpərəstlik  məbədi istər yerli, istərsə də xarici turistlər tərəfindən ziyarət edilir.

Qarabağın işğaldan azad edilməsi ilə dövlətin mədəniyyət siyasətində yeni strateji prioritetləri ortaya qoyulmuşdur. .Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb.

İndi işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması üçün ölkə daxilində və xaricində sərmayələrin cəlb edilməsi təmin olunacaqdır. Biz əminliklə deyə bilərik ki, qısa müddətdə dövlətin apardığı uğurlu islahatlar nəticəsində bölgənin  30 illik həsrətini hər kəsə unutduracaqdır.

2021-ci il “Nizami Gəncəvi İli” elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə verilən yüksək diqqətinin təcəssümüdür.

Biz inanırıq ki Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməklə  qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir. Bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Biz bir daha dünyaya Azərbaycan xalqının sülhsevərliyini və humanistliyini sübut edəcəyik.

 

Vəli Hüseynli
61 nömrəli məktəbin müəllimi 
Keçidlər